Son zamanlar “Bolt” taksi şirkətinin ətrafında qalmaqallı fikirlər səslənir. Bu isə insanlarda şirkət haqqında mənfi fikirlərin formalaşmasına zəmin yaradır.
“Bolt”dan gələn şikayətlər...
Demək olar ki, sosial şəbəkələrdə gündəlik olaraq şirkətdən, onun təklif etdiyi xidmətlərdən şikayətlər durmadan artır.
Müştərinin biri qeyd edir:
“Boltda xidmət artıq 0-in altındadır. Hər cür taksi sürücüsü ilə qarşılaşırsan. Tezdən taksi çağırmışam. Avtomobilə oturan kimi sürücü mənimlə kobud şəkildə bazarlıq etməyə başladı. O, mənə bildirdi ki, xidmət gediş haqqını az yazıb, siz ödənişi bir-iki manat artıq verin”.
Digər bir müştəri isə gecə saatlarında ödənişi nağdsız etdiyi üçün sürücü tərəfindən yarıyolda düşürüldüyünü qeyd edir. Çünki sürücülər nağdsız ödəniş edən müştərilərə xidmət göstərməkdən imtina edirlər.
Siz imtina edin...
Oxşar hadisə ilə Nərmin adlı müştəri də rastlaşıb. O, deyir ki, işdən sonra sifariş verdiyi taksi sürücüsü təkrar onunla əlaqə saxlayaraq ödənişin nağd olub olmamasını soruşub. Ödənişin kart vasitəsilə olduğunu bilən sürücü kobud şəkildə müştəriyə dərhal sifarişdən imtina etməyi tələb edib. Bu tələbi yerinə yetirmək istəməyən xanım ondan sifarişi özünün ləğv etməsini istəyib.
Cavabında isə...
“Ay xanım, müştərinin sifarişini ləğv etmək bu mənə baha başa gəlir, çünki gün ərzində hər sizin kimi müştəriyə imtina versəm şirkət məni “blok”a salacaq”,- deyə cavabını eşidib.
Sürücülər nə deyir?..
Məsələ ilə bağlı bir neçə “Bolt” sürücüsü ilə söhbətləşdik. Sürücülərin əksəriyyəti “pik” saatlarından başqa, gediş haqqlarının çox aşağı olduğunu deyir.
“Vallah, bir də görürsüz ki, uzaq bir məsafəyə 1 manat 80 qəpik pul yazır. Yollar isə təmirsiz olanda maşının altı dəyir, təkərlər zərər görür. Təkcə benzin pulunu hesablayıb, bu cür vəziyyətlərdə avtomobilə dəyən ziyanı hesablamamaq haqsızlıqdır”.
“Bəs niyə çox vaxt nağdsız ödənişlər zamanı müştəriyə xidmət göstərməkdən imtina edirsiz?”- sualına isə sürücünün cavabı belə olub:
“Çünki, bu uzun prosesdir. Bəzi sürücülərin heç bank hesabı yoxdur, bəziləri isə hesaba köçürülən pulu vaxtı-vaxtında ala bilmir, şirkət belə olduqda ödəmələri gecikdirir. Bir də sizə bir söz deyim, biz sürücü babayıq, gündəlik məvacibə işləyirik. Axşam evə gedəndə çörək pulu aparmaq istəyirik. Heç olmasa cibimizdə 5-10 manat pul olsun deyə, kartla ödəniş bizim üçün sərfəli deyil”.
Onlar platformadan dərhal uzaqlaşdırılır...
Məsələ ilə bağlı “Bolt” şirkətinin rəsmisi Naim Əzizov Bizim.Media-ya açıqlamasında bəzi məqamlara aydınlıq gətirib.
MÖVZU İLƏ BAĞLI:
“Bolt” Taksi Xidmətindəki BİABIRÇILIQ davam edir – ARAŞDIRMA Fotofakt
Onun sözlərinə görə, şirkətlə əməkdaşlıq edən sürücülər platformaya üzv olmadan əvvəl şirkətin tətbiq etdiyi şərtlər və qaydalar ilə tanış olurlar.
“Bu o deməkdir ki, onlar bizim qiymət və tariflərimiz ilə razılaşdıqdan sonra fəaliyyət göstərməyə başlayır. Yaranan bu kimi halların insan faktorlarına bağlı olduğunu və bəzi sürücülərin xidmətimizdən sui-istifadə etməyə çalışdığını düşünürük. Bu cür şikayətlər daxil olan zaman həmin şəxslər ilə əməkdaşlığa son qoyulur”.
Naim Əzizov nağdsız ödəniş edən müştəriyə xidmət göstərməkdən imtina edən sürücülərin dərhal platformadan uzaqlaşdırıldığını da bildirib.
“Şirkət olaraq nağdsız ödənişlər bizim üçün çox vacib və həssas mövzulardan biridir. Baxmayaraq ki, biz təlimlərimizdə bu barədə ətraflı məlumat veririk, bəzi sürücülər nağd ödənişə üstünlük verir və nağdsız ödənişlərdən yayınmağa çalışır. Bu mövzuda daxil olan şikayətlər əsasında həmin sürücülər aşkar edilir və platformamızdan kənarlaşdırılır”.
Vüsalə Balayeva, Bizim.Media