Ölümü müəmmalı qalan 20 yaşlı gəlinlə bağlı YENİ İDDİA – İntim yazışmaları OLUB

Hazırda oxunan: Ölümü müəmmalı qalan 20 yaşlı gəlinlə bağlı YENİ İDDİA – İntim yazışmaları OLUB

40379

Sabirabad rayonunda aprel ayında intihar etdiyi deyilən 20 yaşlı Səmayə Zeynalovanın ölümü hələ də müəmmalı olaraq qalır. Səmayə Zeynalovanın işi üzrə istintaq hərəkətlərinə iyulun 19-da xitam verilsə də qadının ailəsi həmin qərardan Respublika Baş Prokurorluğuna şikayət edib.

Ailə iddia edir ki, Sabirabad rayon prokurorluğu işi ört-basdır edir. 

Xatırladaq ki, Sabirabad rayon prokurorluğunun 12 avqust 2021-ci il tarixli qərarında ölüm hadisəsinin əslində intiharla əlaqədar olmadığı qeyd olunub.

Bundan əlavə Sabirabad Rayon Məhkəmə psixiatrik ekspertizasının 31 may 2021-ci il tarixli rəyi də ölümün intiharla əlaqəsini birmənalı olaraq inkar edir. 

Bizim.Media-ya bu barədə danışan Səmayə Zeynalovanın ailəsinin hüquqi nümayəndəsi Samir Zeynalov cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarda yeni nüansın qeyd olunduğunu bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İntihar edən gəlinin ekspertiza rəyi niyə GECİKDİRİLİR? – Ailəsindən ŞİKAYƏT 


İctimai vəkilin sözlərinə görə guya Səmayə Zeynalovanın ölümündən əvvəl Nicat Yəhyayev adlı şəxslə intim yazışmaları olub:

“Bu barədə Sabirabad Rayon Prokurorluğunun cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarında qeyd olunub. Amma qeyd olunan intim xarakterli yazışmanın hansı məzmunda aparılması öz əksini tapmayıb. Qərarda göstərilib ki, guya onlar 2020-ci ildə “İnstagram” sosial şəbəkəsində tanış olublar, bir müddət yazışıblar, lakin heç vaxt görüşməyiblər. Bununla bağlı Sabirabad Rayon Prokurorluğuna yazışmaların və sözügedən şəxsin istintaqa verdiyi ifadəsinin verilməsi haqqında ərizə ilə müraciət etmişəm. Ərizə sentyabr ayının 30-da daxil olsa da, Sabirabad rayon prokurorunun müavini, kiçik ədliyyə müşaviri Rövşən Əmrahov qeyd olunan ifadədən çıxarışı və yazışmaları ərizədə göstərilən ünvana göndərməyib. Mühüm olanı da odur ki, sözügedən məsələdə adı keçən şahid Səmayəni tanımadığını, onunla bu mövzuda yazışmadığını bildirir”.

Məsələ ilə bağlı Sabirabad rayon prokurorunun müavini Rövşən Əmrahovla əlaqə yaratdıq. O, qeyd edib ki, sözügedən faktla bağlı məlumatları Respublika Prokurorluğundan almalıyıq. Respublika Prokurorluğu isə sorğumuzu hələki cavablandırmayıb.  

İntim yazışmada adıçəkilən Nicat Yəhyayev də saytımıza açıqlama verməkdən imtina edib və ifadəsini istintaq orqanlarına təqdim etdiyini deyib. 

Nicat Yəhyayevin atası İsa Yəhyayev isə oğlunun ölən xanımla yaxından-uzaqdan əlaqəsi olmağını iddia edib:

“Oğlumun dünyasını dəyişmiş o xanımla heç bir yazışması olmayıb. Sadəcə xanımın telefonundan oğluma bir dəfə boş SMS gəlib. Kim göndərib, necə olub, səhvən düşüb, ya yox onu da deyə bilmərəm. Xanım indi haqq dünyasındadır, biz isə burada, yalan söyləyə bilmərəm. Heç kimin üstünə günah yıxmaq istəmirəm. Allahdandırmı, ya xoşbəxtçilikdəndirmi bilmirəm, oğlum o mesaja cavab verməyib. Sabirabad Prokurorluğunda da təsdiqləndi ki, xanımın nömrəsindən oğluma boş mesaj gəlib. Hər hansı yazışma olmayıb”.

İsa Yəhyayevin sözlərinə görə bir kənddə yaşasalar da oğlu Səmayə Zeynalovanı tanımayıb:

“İntihar baş verən kənddə yaşayırıq. Oğlumun o xanıımla heç bir əlaqəsi və ünsiyyəti olmayıb. Ölən xanımı tanımasam da, qaynatasını, atasını və onların ailələrini tanıyıram. Oğlum Bakıda təkbaşına 4 il universitetdə təhsil alıb. Yanında biz və doğmalarından heç kim olmayıb. O illər ərzində də oğlumdan hər hansı bir şikayət qulağıma gəlib çatmayıb”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin