Respublika Gününün adı buna görə dəyişdirilib – SƏBƏB 

Hazırda oxunan: Respublika Gününün adı buna görə dəyişdirilib – SƏBƏB 

40363

“Müstəqillik Günü haqqında” qanun layihəsinə edilən dəyişikliyə əsasən, mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin Müstəqilliyin Bərpası Günü elan edilməsi barədə xəbər vermişdik. 

Bizim.Media-nın məlumatına görə, təqdim edilən layihədə bayram günlərinin adlarının dəyişdirilməsinin səbəbləri açıqlanıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü ELAN EDİLİR 


Qeyd olunub ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycan müstəqilliyini dünyaya bəyan edib, xalqımızın çoxəsrlik dövlətçilik ənənələri davam edib.

Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət atributları təsis olunub, sərhədləri müəyyən edilib, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılıb. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik təsbit edilməsində əsaslı rol oynayıb. 

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunub.

Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal bəyannaməsinə və “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən, Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edib. 

2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur.

Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir. 

Azərbaycan xalqı ötən əsrin əvvəllərində müstəqil respublika qurub, 1991-ci ildə isə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib.


Beləliklə, 1918-ci ildə İstiqlal bəyannaməsinin qəbul olunduğu 28 may Azərbaycan Respublikasında Müstəqillik Günü, 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabr isə Müstəqilliyin Bərpası Günü hesab olunmalıdır. 

Qeyd edək ki, Azərbaycanda 28 May Respublika Günü, 18 Oktyabr isə Dövlət Müstəqilliyi Günü kimi qeyd edilirdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin