“Özümü nə vaxt pis hiss etsəm, yuxuma gəlir” - Cəbrayılın anasından təsirli sözlər

Hazırda oxunan: “Özümü nə vaxt pis hiss etsəm, yuxuma gəlir” - Cəbrayılın anasından təsirli sözlər

40325

"Eşidəndə ki, əsgərlərimizdən biri erməni polkovniklərini və generalını boğaraq öldürüb, dedim ki, halal olsun o əsgərə. Həmin vaxt onun mənim balam olduğunu və artıq həyatda olmadığını heç ağlıma belə gətirmirdim. Çünki o mənə demişdi ki, biz döyüşlərdə deyilik, təlim keçirik...” 

Bizim.Media xəbər verir ki, bunu şəhid Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə deyib. 

Məleykə xanım “Olimpiya dünyası” qəzetinə müsahibəsində oğlunu şəhid olduqdan sonra tez-tez yuxusundan gördüyünü bildirib: 

"Şəhid olduqdan sonra Cəbrayılı yuxuda çox görmüşəm. Onu ilk dəfə isə şəhid olduqdan 12 gün sonra görmüşəm. Hətta bir neçə dəfə o qədər aydın şəkildə görmüşəm ki, yuxu olduğuna belə inanmırdım. Cəbrayılın bir xasiyyəti var idi ki, mən uzananda başını qoluma qoyardı. Həmin vaxt bəzi problemlərim var idi. Yuxuda görürəm ki, Cəbrayıl ağ köynəkdə yanıma gəlib. Onu görüb ağlaya-ağlaya "sən də məni qoyub getdin, mən tək qaldım. Bütün işlərimi özüm həll edirəm”, - deyirdim. Başını qoluma qoyub mənə deyirdi ki, "Ana hər şey yaxşı olacaq, narahat olma. Sənə demişəm ki, ağlama, sənə ağlamaq yaraşmır”.

Yuxudan oyananda balamın başını qoyduğu qolumun ağrıdığını hiss edirdim. Yəni Cəbrayıl həqiqətən də məni təsəlli etmək üçün yanıma gəlmişdi.  

Ümumiyyətlə, qeyd edim ki, özümü nə vaxt narahat hiss etsəm, hər hansısa bir problemim olsa hər zaman Cəbrayıl yuxuma gəlib, mənə təsəlli verir. Hətta bir dəfə yuxuda görmüşdüm ki, oğlan uşağı yıxılır və Cəbrayıl onu havada tutub yerə endirir. Növbəti gün kiçik oğlum "Aqua park”da hündürlükdən yerə yıxıldı. Amma oğlumun dediyinə görə, sanki kimsə onu havada tutub yerə endirdi. Oğlumu Allah saxlayıb, köməyə isə Cəbrayılı yollayıb. Yəni bir sözlə, dar günümüzdə, balam daim bizimlədir”. 

Qeyd edək ki, Cəbrayıl Dövlətzadə Qarabağ savaşı tarixinə general Polad Həşimovun qisasını alan qəhrəman kimi düşüb.

O, ölümündən sonra "Vətən uğrunda" , "Kəlbəcərin azad olunmasına görə" medalları ilə və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin