Bakını “probkalardan” necə qurtarmaq olar? - ŞƏRTLƏR

Hazırda oxunan: Bakını “probkalardan” necə qurtarmaq olar? - ŞƏRTLƏR

40262

Paytaxt Bakının dözülməz tıxac problemi getdikcə dərinləşir. Artıq şəhərin mərkəzi yollarının keçilməzliyi sürücülər kimi sərnişinləri də təngə gətirib. Bakı küçələrində tıxac üzündən hərəkət etmək tam müşkülə çevrilib. İllər öncə aidiyyəti qurumlar problemdən qurtulmağın yolları ilə bağlı nikbin proqnozlar versələr də, tıxacdan qurtulmaq üçün ötürücü yollar, körpü və tunellər inşa edilsə də hələ də bu istiqamətdə müsbət irəliləyişlər görünmür. Bakı küçələri indi günün hər saatında “tıxac bəlası” yaşayır. 

Problemlə bağlı Bizim.Media-ya danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov hesab edir ki, Bakının yükünün azaldılması və əhəmiyyətli obyektlərin mərkəzdən kənara köçürülməsi ilə tıxacları müəyyən qədər aradan qaldırmaq mümkündür:

“Respublika üzrə bir çox əhəmiyyətli obyektlər, vacib qurum və idarələrin çoxu məhz paytaxtda cəmləşib. Bu qurumlar diferensiallaşdırılmalı və Qəbələ, Gəncə, Sumqayıt kimi şəhərlərə paylanmalı idi ki, yük paytaxta düşməsin. Sanki Bakı bu gün eksperimental bir məkana çevrilib. Ali məktəblərin hamısının paytaxtdan kənara köçürülməsi təklifinə yenidən baxılmalıdır. Bir neçə il əvvəl belə bir ideya var idi. Amma son vaxtlar bu məsələyə də xitam verilib. Vəziyyət elə bir hala çatacaq ki, məcbur qalıb paytaxtın özünü köçürəcəyik. Yəni, bu qədər tıxac, əsəb və stresin sonunun hara gedib çıxacağı da bəlli deyil”.

“Bakıdakı sıxlıqların çoxu süni yaradılmış tıxaclardır. Bəzən kimsə yolun ortasında avtomobili saxlayır. Yaxud yol polisi günün müxtəlif saatlarında küçələrdən birini bağlayaraq, digər küçənin hərəkətinə daha çox üstünllük verir. Məsələn, bunu hər gün Yusif Səfərov küçəsində müşahidə edirik. İstənilən halda paytaxtdakı tıxacları tamamilə aradan qaldırmaq mümkün olmasa da, azaltmaq olar. Bakıda əvvəldən nizamsız tikintilər həyata keçirilib. Hansı sahibkar harada istəyibsə, yolu və səkini bağlayaraq orada bina tikə bilib”.

Ekspert tıxaclara digər səbəb kimi illər əvvəl mərkəzi küçələrdə tikintisi aparılan irimiqyaslı yol ötürücüləri, körpü və tunelləri də əsas gətirib:

“Əslində onların hansı standartlara uyğun inşa edildiyi məlum deyil. Amma müşahidələr onu göstərir ki, bu tikintilərin heç birinin yol nizamlanmasına faydası yoxdur. Əksinə payız-qış aylarında su ilə dolan bu körpü və tunellər Bakıda tıxaclara səbəb olur. Düşünürəm ki, yenidən Bakı şəhəri üzrə yolların planlaşdırılması həyata keçirilməlidir. Lazım gələrsə, hətta bəzi obyektlər sökülüb, yollar yenidən genişləndirilməlidir. Başqa çıxış yolu yoxdur”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin