Mərkəzi Bankın yeni göstərişi ictimaiyyətin diqqətini yenidən bank sektoruna yönəldib. Göstərişə görə, ölkədə fəaliyyət göstərən banklar bundan sonra müştərinin iş yerindən arayış olmadan ona istehlak krediti verməyəcək. Bundan başqa, avtomobillərin kreditlə satışına da məhdudiyyət qoyulduğu bildirilir.
Ekspert Samir Əliyev bildirir ki, bu addım əslində Mərkəzi Bankın uzun müddətdən bəri həyata keçirməyə planlaşdırdığı strategiyanın tərkib hissəsidir: “Strategiyanın qayəsi istehlak kreditləşməsini məhdudlaşdırmaqdır. Səbəb odur ki, ölkədə istehlak kreditləşməsinin həcmi ildırım sürəti ilə artır. Artıq 2013-cü ilin dekabrın 1-i tarixində istehlak kreditinin həcmi 6 milyard manatı keçib”.
S.Əliyevin sözlərinə görə, son dövrlər istehlak kreditləşməsi bazarında faiz dərəcələri nisbətən aşağı düşüb, kreditin verilmə şərtləri yumşaldılıb. Buna səbəb bankların bu sektora kütləvi axınıdır: “Banklar özlərini sığortalamaq və riskləri azaltmaq üçün istehlak kreditləşməsi bazarına üz tutmaq məcburiyyətində qalıblar. Əvvəllər əsasən kiçik banklar bu bazarın iştirakçıları idisə, indi böyük banklar da daxil olmağa başlayıb”.
Ekspert qeyd edir ki, istehlak kreditlərinin ümumi kreditlərdə payı 2010-cu ildə 30 faiz idisə, hazırda bu göstərici 40 faizə çatıb: “İstehlak kreditləri iqtisadiyyatda əlavə tələbat yaratdığından bir qayda olaraq istehsalı stimullaşdırır. Ancaq Azərbaycan kimi ölkələrdə istehlak krediti (ipoteka krediti xaric) yerli istehsalı yox, xarici istehsalı stimullaşdırır.
Banklarımız onlardan asılı olan və olmayan səbəbdən yerli sahibkarlarımızı dirçəldəcək biznes kreditlərinə yox, xarici ölkələrdə sahibkarlığın inkişafına töhfə verə biləcək istehlak kreditlərinə üstünlük verməli olurlar. Nəticədə yerli istehsal vəsait qıtlığı səbəbindən sıradan çıxır, əvəzində idxal stimullaşır. İstehlak kreditləri ev təsərrüfatlarının xərclərini artır və buna uyğun olaraq ÜDM artır".
Ekspertin sözlərinə görə, istehlak kreditləşməsinin sürətli artımı sistem riski yaratmaqla yanaşı, bank sektoru üçün də təhlükədir: “Hazırda ev təsərrüfatlarına verilən kreditlərin ÜDM-də payı 12 faizə yaxınlaşıb. Bu artım tempi narahatçılıq doğurmaya bilməz. Digər göstərici - ötən il əhali öz gəlirlərinin təxminən 20 faizi məbləğində borclanmaya gedib. Artıq bu hədd ciddi siqnaldır. Enerji resurslarının dünya qiymətlərindən asılı olan ölkə iqtisadiyyatını yaxın gələcəkdə gözləyən problemlər (neftin ucuzlaşması səbəbindən) ilk zərbəni məhz bank sektoruna vura bilər. Çünki neftin pulu hesabına formalaşan büdcənin xərclərinin yaratdığı iqtisadi artımın səngiməsi, infrastruktur layihələrinin dayandırılması nəticəsində iş yerlərinin itirilməsi, gəlirlərin azalması əhalinin banklar qarşısında öhdəliklərinin yerinə yetirməsinə problem yarada bilər”.
S.Əliyevin fikrincə, ölkədə krediti qoyuluşunun artımı fonunda bankların müştəriləri düzgün qiymətləndirmədən kredit verməsi narahatçılıq doğurur: “Rəsmi məlumatlarda problemli kreditlərin payı 5,2 faiz olsa da, bizim müşahidələrə görə, bu hədd 15 faizə çatır”.
Ekspert deyir ki, Mərkəzi Bank ilk addım olaraq ötən il pərakəndə ticarət obyektlərində kredit verilməsini qadağan edib: “Bu addımın davamı kimi dekabr ayında banklara təminatsız kreditin verilməsini qadağan edən məktub göndərdi. Avtomobil kreditlərinin məhdudlaşdırılmasına gəlincə, bunun konkret izahını tapmaq çətindir. Çünki avtomobil krediti təminatlıdır. Bu sahədə vaxtı keçmiş kreditlərin olması da əsas səbəb deyil. Məncə, səbəb bir tərəfdən istehlak kreditləşməsini məhdudlaşdırmaq, digər tərəfdən xüsusən də Bakı şəhərində avtomobillərin (əsasən köhnə) sürətli artımının qarşısını almaqdır. Yəni tıxac problemini bu yolla həll etməkdir. Hər bir halda bu, çıxış yolu deyil. Tıxaclarla mübarizə üçün daha səmərəli metodlar var. Güman ki, məhdudlaşdırma aprel ayına qədər davam edəcək. Ondan sonra Avro-4 standartı öz sözünü deyəcək”.
Ekspert bildirib ki, Mərkəzi Bankı son addımını daha çox preventiv tədbir kimi qiymətləndirmək olar: “Bu, yaxın dövr üçün müəyyən narahatçılıq yaratsa da uzunmüddətli dövrdə öz bəhrəsini verəcək. Mərkəzi Bankın tədbirləri daha çox post neft dövrü üçün bank sistemini qorumağa yönəlib. Yaxın dövrdə isə bank sektoru, xüsusən də istehlak kreditləşməsi üzrə ixtisaslaşan kiçik banklar (xüsusən də üzdə olan bir neçə bank) üçün böyük zərbə olacaq. Kredit qoyuluşu, xüsusən də ev təsərrüfatlarının kreditləşməsi azalacaq. Kreditlərin faiz dərəcəsində artım müşahidə ediləcək. Əhalinin kreditə əlçatanlılığı azalacaq”.
S.Əliyev deyib ki, istehlak kreditlərində arayışların tətbiqi, istehlak kreditləri üzrə ixtisaslaşan və portfelinin az qala 80 faizi bu kreditlərdən ibarət olan bankları çətin vəziyyətə qoyacaq.
O, son olaraq qeyd edib ki, avtomobil kreditləşməsinin məhdudlaşması isə təkcə bankları yox, həmçinin avtomobil dilerləri, sığorta şirkətləri üçün itki olacaq. Bu itki gömrük rüsumlarının səviyyəsinə də mənfi təsir göstərəcək.
































































































