Mərkəzi Seçki Komissiyasının sədrinin, komissiya üzvlərinin və müvafiq olaraq dairə seçki komissiyalarının əməkdaşlarının aylıq vəzifə maaşları artırılıb.
APA-nın məlumatına görə, Azərbaycan prezidentinin müvafiq sərəncamı ilə Maliyyə Nazirliyi tərəfindən MSK sədrinin, sədr müavinlərinin, katiblərinin, üzvlərinin, o cümlədən dairə seçki komissiyası sədrlərinin və katiblərinin maaşları müvafiq olaraq artırılıb.
MSK sədrinin maaşı 1655 manatdan 1855 manata, üzvlərin maaşları 1000 manatdan 1060 manata (vergilər tutulduqdan sonra), MSK katiblərinin maaşları müvafiq olaraq 1275 manata, DSK sədrinin maaşı 720 manata, DSK katiblərinin maaşları isə 500 manata qaldırılıb. Bütün artımlar 2013-cü il dekabrın 1-dən qüvvəyə minib.
Maraqlıdır ki, MSK və DSK ilə bağlı maaş artımı qeyd edilsə də seçki prosesinin əsas ağırlığını və məsuliyyətini daşıyan mənəqə komissiyaları barədə məlumat yoxdur.
Elə ona görə də MSK mətbuat xidmətinin rəhbəri Azər Sarıyevlə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirməsini xahiş etdik. Moderator.az-a açıqlamasında qurum rəsmisi bildidi ki, həmin artımlar məntəqə komissiya üzvlərinə də şamil olunub və məntəqə sədri artımdan sonra 325, katib 154, üzvlərsə 125 manat məvacib alacaqlar.




































































































