Şuşa yolundakı tunellərdən birində qazma işləri bitdi – FOTO

Hazırda oxunan: Şuşa yolundakı tunellərdən birində qazma işləri bitdi – FOTO

39820

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda T5 tunelinin üst yarı hissəsində qazma işləri bitib. 

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev tərəfindən iyunun 14-də yeni Əhmədbəyli-Füzuli-Şuşa 1-ci texniki dərəcəli avtomobil yolunun Daşaltı kəndi ərazisindən keçən hissəsində təməli qoyulan tunel də daxil olmaqla yol boyu ümumilikdə 7 tunelin inşası nəzərdə tutulub ki, onlardan 4-də hazırda tikinti işləri sürətlə davam etdirilir. 

Şərti olaraq T5 adlandırılan və 431 metr uzunluğunda olan tunelin sol hərəkət istiqaməti üzrə üst yarı hissəsində qazma işləri artıq tamamlanaraq tuneldə daxili hərəkət təmin olunub.

İnşasına başlanılan digər 3 tunelin (T1,T2 və T4) giriş hissələrində aparılan işlər də artıq tamamlanıb. Hazırda qazma, partlatma və qırıcı üsulları ilə tunellərdə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması davam edir. 

Layihə üzrə 7 tunelin ümumi uzunluğu təqribən 6.5 km təşkil edəcək. Uzunluqları 350-3300 metr arası dəyişən tunellər bir hərəkət istiqaməti üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq. 

Hazırda yol boyu müxtəlif hissələrdə torpaq yatağının inşası işləri davam etdirilir. Bundan başqa 9 viadukun, 59 suötürücü borunun və 10 yeraltı keçidin tikintisi də layihə üzrə nəzərdə tutulub ki, bu istiqamətdə də işlərə start verilib. 

Qeyd edək ki, 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilən 81.6 km-lik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun ilk 48 km-i 6, 48-81.6 km arası isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin