Qatil polisin övladlarının qəyyumluğu ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Qatil polisin övladlarının qəyyumluğu ilə bağlı RƏSMİ AÇIQLAMA

39705

“29 sentyabr 2021-ci il tarixdə, səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, İsmayıl Məmmədov tərəfindən həyat yoldaşı Xanım Məmmədovanın övladlarının gözü qarşısında qətlə yetirilməsi hamı kimi bizi də məyus etdi”.

Bu sözləri Bizim.Media-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildrib.

Onun sözlərinə görə araşdırma əsnasında Nizami rayon İcra Hakimiyyəti tərəfindən 6 və 4 yaşlarında olan uşaqların ana babası və dayıları Aqil Əliyevə təhvil verildiyi bildirilib:

“Uşaqlardan birinin 1-ci sinifində təhsil aldığı vurğulanıb. Məlum hadisədən sonra təhsilinin Qax rayon məktəblərindən birində davam etdiriləcəyi qeyd olunub. Azyaşlıların qanunla müəyyən edilmiş qaydalara əsasən qeydiyyatda olduqları rayon üzrə mərhum X.Məmmədovanın valideynlərinin qəyyumluğuna verilməsi nəzərdə tutulur”. 

Komitədən o da qeyd olunub ki, son zamanlar məişət zəminində baş vermiş cinayət hadisələrinin qurbanlarının yaxınları tərəfindən istər Komitəyə, istərsə də digər dövlət qurumuna verilən məlumatlar və ya kütləvi informasiya vasitələrində dərc edilmiş müsahibələr təhlil edilib.

Nəticələr  onu deməyə əsas verir ki, ailədaxili münaqişələrin ilkin vaxtlarından qurbanların yaxınlarının bu zorakılıq hallarına göz yumması, bu faktı ailə sirri kimi saxlaması  daha ağır fəsadlara gətirib çıxarır:  

“Baş vermiş hadisə fonunda bir daha ictimaiyyətin diqqətinə çatdırmaq istəyirik ki, məişət zəminində zorakılığa məruz qalmış şəxslər barədə məlumatların aidiyyəti qurumlara vaxtında və düzgün çatdırılması bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynayır”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin