Təxminən 20-30 il bundan əvvəl Azərbaycanda urbanizasiya prosesi başladı. Bunun nəticəsində paytaxtda artan mənzil tələbatının ödənilməsi üçün ən gəlirli biznes kimi daşınmaz əmlak bazarı sürətlə inkişaf etməyə başladı. Beləliklə, Bakıda hündürmərtəbəli binalar ucalmağa başladı. Bu inşaat proqramı isə ciddi maneələrə çevrilən bir çox problemlərə yol açdı.
Hazırda 2020-2040-cı illər üzrə 20 illik perspektiv dövrünü əhatə edən Bakı şəhərinin Baş Planı hazırlanır.
Yeni planda şəhərin bu vaxta qədər icra edilən perspektivsiz inşaatı necə tənzimlənəcək?
Xatırladaq ki, 2018-ci ilin avqust ayının 1-də Prezidentin fərmanından sonra Bakı şəhərində tikintilərə icazəni Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş idarəsi verir. Həmin Baş idarə o zamana kimi Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində idi. 2018-ci ldə tikinti sektorunda gedən islahatların nəticəsində bu idarə BŞİH səlahiyyətindən çıxarılaraq, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tərkibinə daxil edildi.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisov mövcud vəziyyət haqda Bizim.Media-ya danışıb:
“Ara məsafəni gözləmədən, hündürlüyü nəzərə alınmadan tikilən bütün binaların icazəsi 2018-ci il 1 avqust tarixinə qədər BŞİH tərəfindən verilən icazələrdir. Bundan başqa rayonlar üzrə qəbul edilən pilot layihələr vardı ki, buna icazəni rayonlar üzrə icra hakimiyyəti verirdi. Sırf bu səbəbdən də binalar bu cür qaydalara riayət olunmadan inşa edildi. Hazırda tikintisi gedən binaların isə icazəsi o tarixə qədər verilib. Sadəcə maliyyə çətinlikləri olduğuna görə, zamanında tikilməyib, indi inşaat davam etdirilir. Burada komitə əlacsız qalır. Biz ancaq verilən icazədə binanın hündürlüyü azalda bilərik. Məsələn 20 mərtəbə tikilməyə icazəsi varsa, onu 10-15 mərtəbə edə bilərik”.
Binalar arasında ara məsafə nə qədər olmalıdır?
Ramiz İdrisoğlu buna da aydınlıq gətirib:
“Qanuna görə binalar arasında məsafə tikilinin hündürlüyünün 60 %-ini təşkil etməlidir. Lakin çox yerdə binalar bu qaydalara əməl olunmadan inşa edilib”.
Bu cür binalar sökülə bilərmi...
Ekspertlərin fikrincə, isə qanuna uyğun tikilməyən bu binaların sökülməsi isə bir başqa dərddir. Bəziləri bunun qeyri mümkün olduğunu bildirir. Onlar qeyd edirlər ki, bir 20 mərtəbəli binanın sökülməsi həm maddi, həm də mənəvi cəhətdən böyük problemlərə yol açır. Çünki bu binaların sökülməsi üçün külli-miqdarda vəsait tələb olunur. Bundan başqa orada yaşayan minlərlə ailənin yerləşdirilməsi isə bir başqa problemdir.
Bundan başqa...
Necə ki, bina tikiləndə təməl üçün qazılan torpağa böyük ziyan dəyir, onun layları, landşafı dağılır, eləcə də sökülmə zamanı da bu proses baş verir.
Məsələ ilə bağlı memar Aytəkin İmranova Bizim.Media-ya bildirib ki, hər bir şəhərsalmanın öz prinsipləri, qaydaları olmalıdır.
“Tikinti zamanı torpağın çuxurları, eniş, yoxuşlarından tutmuş hər bir xırda detalları nəzərə alınmalıdır. Torpağında öz daşıyıcı qüvvəsi var. Bu cür hallarda torpaq çökə bilər. Harda gəldi, necə gəldi bina inşa etmək olmaz. Bu kanalizasiya sisteminə də böyük problemlər yaradır. Sabah bir problem yaranan da isə mütəxəssilər öz işlərini görə bilmirlər. Bu qədər toz-torpaq, toz, duman insan orqanizmində təhlükəli xəstəliklərə yol açır. Çünki tikintinin ortasında insan yaşaya bilməz. Hazırda binalar iç-içə tikilir, bura tikiləndə o biri tərəfdə adam yaşayır”.
Təhlükələr...
“Qanuna görə, binalar arasında məsəfə ən azından hündürlüyünün yarısı qədər olmalıdır. Bu zaman fövqaladə hallar, təbii fəlakətlər və digər vəziyyətlər nəzərə alınmalıdır. Sabah sürüşmə, zəlzələ, sel, baş versə, vəziyyət acınacaqlı ola bilər. Unutmaq olmaz ki, Bakı təpələrdə və sürüşkən zonalarda yerləşir. Məsələn 40-50 il bundan əvvəl bunlar mütəxəssislər tərəfindən nəzərə alınırdı. Bir tərəfdə inşaat gedəndə, digər tərəf boş qalırdı. Ancaq tikintilərə pərəkandə icazə veriləndə o boş yerlər hamısı satıldı. 100-200 il bundan əvvəl Bakı planlaşdırılanda orada məşhur memarlar iştirak edirdi. İndiki kimi bu işlə anonim memarlar məşğul deyildi”.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:25 / 03.10.2021
Bakıda binaların UÇMA TƏHLÜKƏSİ – Tikinti prosesində hansı məqamlar unudulur?
Hazırda oxunan: Bakıda binaların UÇMA TƏHLÜKƏSİ – Tikinti prosesində hansı məqamlar unudulur?
Hazırda oxunan: Bakıda binaların UÇMA TƏHLÜKƏSİ – Tikinti prosesində hansı məqamlar unudulur?
39694
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.