Ramiz Mehdiyev Eldar Əzizovu niyə danlayıb?

Hazırda oxunan: Ramiz Mehdiyev Eldar Əzizovu niyə danlayıb?

39499
Gəncə şəhərinə rəhbərlik etdiyi dövrdə qoyduğu tort ənənəsini Sumqayıtda davam etdirən icra başçısı Eldar Əzizov ötən il fərqli davranmağa məcbur oldu. Hər il dekabrın 24-də prezident İlham Əliyevin ad günü münasibətiylə tort bişirtdirib açılış edən icra başçısı bu dəfə dünyanın ən böyük biskvitini 5 gün sonra kəsdi.
Mətbuat yazdı ki, Prezident icra başçısından bu ənənəyə son qoymağı tələb edib.
Bu barədə “Bizim Yol”u məlumatlandıran mənbənin bildirdiyinə görə, bütün təhsil və səhiyyə ocaqlarında çalışanlara dekabrın 24-də tortun kəsiləcəyi meydana gəlmək tapşırılsa da, tədbirə bir gün qalmış qərar dəyişilib. Dekabrın 28-də Eldar Əzizov şəhər fəalları və büdcə təşkilatlarının rəhbərləriylə görüşdə isə növbəti gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətiylə 52 metrlik tortun kəsiləcəyini və hamının tədbirə qatılmasının vacibliyini xatırladıb. O, tapşırıb ki, hər kəs tortun prezidentin ad günü münasibətiylə yox, Həmrəylik Günüylə bağlı hazırlandığını elan etsin və mətbuat orqanlarına da bu cür məzmunda açıqlama veriləcək. Ancaq icra başçısı Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətiylə tortun niyə 50 yox, məhz 52 metr hazırlanmasına izah verməyib. 
İcra başçısının bu addımı müxtəlif ehtimallarla izah olunur. Birinci ehtimal odur ki, hər il kəsilən tortun ölçüsüylə bərabər ayrılan vəsait də yerli və xarici mətbuatda geniş müzakirəyə səbəb olurdu. Bu müzakirənin doğurduğu qıcıq suallar hakimiyyəti təmsil edən deputatlarda narazılıq yaradırdı. Xüsusən ayrılan vəsaitin sumqayıtlıların qayğılarına niyə xərclənməməsi sualı hər dəfə vurğulanırdı. Baxmayaraq ki, icra başçısı həmin tədbirlər zamanı suallara qısa cavab versə də, artıq olaya yanaşmalar ironik xarakter alırdı. Nəhayət, tortun açılış mərasiminə sumqayıtlılar icra başçısına orijinal etiraz hədiyyəsi etdilər. Yerli sakinlərdən biri tortun yaxınlığında qurulan küknar ağaclı yolkanın başına çıxaraq “Eldar Əzizov, çıx xalqın qabağına” deyə etirazını bildirib.  

Sahibkarlar “soyulur”...

Sakinlərin narazılığına rəğmən Eldar Əzizov sumqayıtlılara özünü prezidentin göstərişlərini yerinə yetirmiş kimi təqdim edirdi. Şəhərdə narazılıq yaradan bəlkə də birincisi alkopanlaşma əməliyyatıydı. Ki, bu, sahibkarlar üçün böyük problemə çevrilmişdi. Şəhərin bütün ticarət obyektlərinin, restoranlarının alkopanlaşdırılması və qara şüşəyəylə örtülməsi göstərişi, hətta dükanların qarşılarındakı asfaltın sökülərək üzlük daşlarla basdırılması da sahibkarların hesabına həyata keçirilirdi. Halbuki, prezident ötən il Sumqayıtın abadlaşdırılması üçün 5 milyon manat ayırmışdı. Və bu addımdan sonra sahibkarlar anonim şəkildə mediaya “5 milyon hara xərcləndi ki, abadlaşdırma üçün bizlərdən pul yığılır” sualını ünvanladılar. İndiki icra başçısının vaxtında isə sahibkara obyektlərinin ərazisini genişləndirmək imkanı tanındı. Amma bu, sahibkarlar üçün iri maliyyə itkisiylə nəticələndi. Ardınca obyektlərinin alkopanlaşdırılması və qara şüşələrlə örtülməsi də sahibkarlar üçün baha başa gəldi. Bu barədə qəzetimizə danışan adının çəkilməsini istəməyən sahibkar bildirib ki, alkopon və qara şüşənin 1 kvadrat metri 45 manata başa gəlsə də, onlar 90-120 manat , dükanın qarşısına üzlük daşın kvadrat metri 8 manat olduğu halda 22 manat ödəməli olublar. Təəccüblüdür ki, bu işi həyata keçirən fəhlələr şəhər Arxitektura və Memarlıq İdarəsinin rəisi Kamil Məmmədova tabedirlər. Beləliklə, müvafiq orqanlar araşdırma aparsa, korrupsiya elementlərinin ortalığa çıxacağı şübhəsizdir. 

Yaşıllıqlar “soyqırım” edilir

Təəssüf ki, şəhərin bu və ya başqa problemləriylə bağlı  suallara cavab almaq üçün Eldar Əzizova qəzetimiz vasitəsilə bir neçə dəfə müraciət etsək də, reaksiya olmadı. Bütün bunlara rəğmən mətbuatda Eldar Əzizovun idarəetməsi barədə mediada müxtəlif yazılar dərc olunurdu. Onun sələfi Vaqif Əliyevdən fərqliliyini sadalayan həmkarlarımız icra başçısını “xətkeş Eldar” belə adlandırmaqdan çəkinmədilər. Səbəb isə onun Vaqif Əliyevdən fərqli olaraq Sumqayıtda əraziləri santimetrlə satmasıydı. Çünki hazırda mədəniyyət və turizm nazirinin müavini işləyən Vaqif Əliyev Sumqayıtda işlədiyi 7 ildə şəhərin əksər hissələri metrə-metrə satıldı. Ondan sonra boş ərazi tapılmadığından yaşıllıqlar “soyqırım” edildi. Konkret olaraq, Sülh küçəsində, Əyləncə Mərkəzində, “Qızılgül” İstirahət parkında, “Göyərçin” İstirahət Mərkəzindəki ağaclar kəsilərək yerlər satıldı. Yaxud 48-ci məhəllədə sakinlər neçə illərdir yetişdirdiyi yaşıllıq məhv ediləndə, MİS rəisi şikayətçilərə “bu barədə etiraz edəsi olsam, vəzifəmi itirərəm” deyə cavab verdi.
Nəhayət, Eldar Əzizovla bağlı senssasiya yaradacaq son məlumatı oxucuların diqqətinə çatdırmağı özümüzə borc bilirik. Ötən ilin İsmayıllı hadisələrindən sonra - fevral ayında prezident İlham Əliyevin keçirdiyi müşavirə hələ də xatırlanır. Müşavirədən sonra Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev icra başçılarının toplantısını keçirib. Ənənəvi olaraq iclasda birinci sırada paytaxt rayonlarının və Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərinin icra başçıları əyləşirlər. Həmkarlarından fərqli olaraq Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov ayağını o biri ayağının üstünə aşıraraq oturub. Administrasiya rəhbəri Ramiz Mehdiyev bir neçə dəfə icra başçısına sərt nəzər yetirsə də, o oturuş qaydasını dəyişməyib. Nəhayət, Ramiz Mehdiyev Eldar Əzizovun həmkarlarına “artıq bir neçə dəfədir mən ona diqqətlə baxsam da, o, yenə də elə oturmağında davam etdi. Görün, bu adam mənə belə münasibət göstərirsə, sadə vətəndaşlarla necə davranır” deyə sərt reaksiyasını nümayiş etdirib. Bundan sonra Eldar Əzizovun hakimiyyətdə çətin günlərinin başlanıldığı bildirilir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin