Təhsil nazirliyinin 40 minə yaxın tələbəyə kredit vermək imkanı var.
Bizim.Media xəbər verir ki, bu sözləri təhsil naziri Emin Əmrullayev çərşənbə günü AzTV-yə müsahibəsində deyib.
Nazir qeyd edib ki, Azərbaycanda tələbə kreditlərinin verilməsi ilə bağlı Təhsil Tələbə Krediti Fondu ötən yay tətili ərzində bir çox işlər görüb:
“Oktyabr ayı ərzində bununla bağlı elektron sistem işə düşəcək. Həm həssas qrup üçün sosial, həm də standart kreditlər olacaq. Bu sistemdə şəffaflıq mövcuddur, çünki digər sistemlərə inteqrasiya olunub. Tələbələr öz FİN nömrələrini daxil edərək sistemə qoşulacaqlar. Həmin inteqrasiya olan sistemlərdən tələbə, onun ailəsi və digər məlumatlar toplanılır. Əgər ailədə əlilliyi olan şəxs varsa, ünvanlı sosial yardım alırlarsa, bu halda tələbə sosial kredit ala bilər. Bütün bu proseslər sistem elektron olduğu üçün bir neçə saniyə ərzində baş verir. Digər hallarda isə standart kredit ala biləcəklər”.
E.Əmrullayev vurğulayıb ki, proses müvəkkil banklar tərəfindən həyata keçiriləcək:
“Fondun nizamnamə kapitalı 80 milyon manatdır. Əgər tələbə müraciət edərsə, kredit veriləcək. Bu, məcburi bir şey deyil, imkandır. Hər kəs tələbə krediti almalıdır deyə bir qayda yoxdur. Amma tələbənin təhsilini maliyyələşdirmək imkanı yoxdursa, onda təhsil kreditinə müraciət edə bilir. Kreditlər uzunmüddətlidir. Orda bir neçə güzəşt də nəzərdə tutulub. Əgər yaxşı oxuyurlarsa, onlara faiz və ya əsas hissə güzəşt edilir".
Xatırladaq ki, Prezident İlham Əliyevin 17 iyun 2021-ci il tarixli fərmanına əsasən Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradılıb.
Fondun fəaliyyətinin əsas məqsədi təhsil tələbə krediti sistemini tətbiq etməklə təhsilə əlçatanlığı təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaqdan və təhsilin əhatə dairəsini genişləndirməkdən ibarətdir (trend).
Bizim.Media