Jurnalist Nicat Hüseyn Dağların araşdırması nəticəsində tapılan 1918-ci il may ayının 25-i Gəncəyə daxil olmuş Qafqaz İslam Ordusunun döyüş bayrağı barədə xəbər artıq Türkiyə mətbuatının da marağına səbəb olub. Nicat Dağlar "facebbok” səhifəsində yazıb ki, bayraq məsələsi ilə bağlı bağlı "Cihan" agentliyinə müsahibə verib.Moderator.az-ın verdiyi xəbərə görə, Osmanlı dövlətinin bu bayrağı, daha doğrusu, bayrağın bir parçası hazırda Gəncə sakini Hüseynov Füzuli Əli oğlunun evində saxlanılır.
Füzuli Hüseynov jurnalsitlə söhbətində deyib ki, atası bayrağı evin damında torpağa basdırıb: "11-ci ordu Azərbaycanı işğal edəndən sonra ölkə boyu repressiyalar həyata keçirilirdi, türk bayraqları saxlanılan evlər dağıdılırmış, buna görə də camaatı incidirlərmiş. Atam bayrağı gizlədib ki, kommunistlərin əlinə keçməsin. Sonra atam bayrağı basdırdığı yeri unutdu. Bir neçə dəfə axtarsa da tapa bilmədi. Ancaq elə hey bu bayraqdan danışırdı və deyirdi ki, əgər siz tapsanız, onu göz bəbəyiniz kimi qoruyun. Bir neçə il əvvəl mən evi təmir etdirirdim. Evin damını torpaqdan təmizləyəndə bu bayrağı tapdım. Bayrağın bir hissəsi çürümüşdü. Amma qalan bu bir parça bizim üçün çox böyük bir tapıntı idi. Sanki xəzinə tapmışdıq. Həmin vaxtdan bunu qoruyub saxlayıram".
F.Hüseynov ehtimal edir ki, bu bayraq Nuru Paşanın Gəncədə qaldığı evin hasarından asılmış bayraqdır.
Nicat Dağlar araşdırmasında Nuru Paşanın Gəncədə Şeyxzamanlı qardaşlarının evində qaldığını qeyd edir. Həmin ev sonralar sökülüb və indi həmin ərazidə müxtəlif obyektlər fəaliyyət göstərir. Amma Nuru Paşanın qaldığı evin hasarının müəyyən bir hissəsi hələ də durur və indi həmin yerdə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimləri, məşhur əks-inqilabçı Şeyxzamanlıların xatirəsinə barelyef asılıb.






























































































