Xəbər verdiyimiz kimi dekabr ayının 30-da Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə Milli Şuranın komissiya sədri Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyevə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayəti icraata götürməkdən imtina haqqında Yasamal Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti üzrə baxış keçirilmişdir. Şikayətdə Mahmud Mehdiyevin 17 may 2013-cü il tarixində keçirdiyi mətbuat konfransında Gültəkn Hacıbəylinin ünvanına səsləndirdiyi böhtan və təhqirlərə görə Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb olunması tələb edilir. Yasamal Rayon Məhkəməsinin hakimi Fuad Babayev şikayəti icraata götürməməsini təqdim edilən sübutların mötəbər olmaması ilə əsaslandırmışdır.
"Bu Konstitusiyanın bərabərlik hüququnun pozulması, siyasi diskriminasiyadır"
Moderator.az-ın “Azadlıq” qəzetinə istinadən verdiyi məlumata görə, Apellyasiya baxışında Gültəkin Hacıbəylinin vəkili Elçin Sadıqov çıxış edərək şikayətə kifayət qədər sübut əlavə olunduğunu, internet mənbələrinin ünvanlarının konkret olaraq göstərildiyini və hətta internetdən çıxarışların, əlavə olaraq qəzetlərin və canlı görüntülərin olduğu videomaterialların da məhkəməyə təqdim edildiyini bildirdi. Belə olan halda məhkəmə qərarının əsassızlığı göz önündədir və qərar ləğv edilməlidir. O, eyni zamanda hakim Vüqar Məmmədova 2013-cü ildə Mahmud Mehdiyevin digər həyat yoldaşı ilə də Nərimanov Rayon Məhkəməsində uşaq ilə bağlı çəkişməsinə baxdığını xatırladaraq, Mehdiyevin şəxsiyyətinin hakimə yaxşı bəlli olduğunu vurğuladı. Vəkil Bəhruz Bayramov çıxışında Azərbaycan Konstitusiyasına görə hamının qanun və məhkəmə qarşısında bərabərliyi hüququ təsbit olunsa da, Gültəkin Hacıbəyliyə qarşı bu hüququn onun siyasi fəaliyyəti ilə bağlı kobud şəkildə pozulduğunu bildirdi: "Necə ola bilər ki, Mahmud Mehdiyev kimi şəxsiyyəti sizə də yaxşı bəlli olan birinin qondarma şikayəti əsasında Gültəkin Hacıbəyliyə qarşı icraata başlanılır, ancaq həmin Yasamal Məhkəməsi ortada bu qədər böhtan, təhqir və sübutlar ola-ola Mehdiyevə qarşı şikayətə baxmaqdan imtina edir? Bu açıq-aydın siyasi diskriminasiyadır". Gültəkin Hacıbəyli sübutların qiymətləndirilməsinin məhkəmə hazırlıq iclasının predmetinə aid olmadığını və sübutları araşdırmadan onların mötəbərliliyinə qiymət verməyin kobud prosessual pozuntu olduğunu qeyd etdi. O, internetin KİV olduğunu və bununla bağlı Cinayət Məcəlləsinə dəyişikliklər edildiyini və internetlə bağlı məhkəmə hökmlərinin olduğunu əsas gətirərək, Fuad Babayevin qanunsuz və əsassız qərar qəbul etdiyini bildirdi. Vəkillər hakimlərə elə məhkəmə iclasının gedişində Mahmud Mehdiyevin Gültəkin xanıma qarşı yaydığı təhqir və böhtan məzmunlu materialları planşet vasitəsilə əyani şəkildə də göstərdilər.
Məhkəmənin senzuranın ləğvindən xəbəri yoxdur?
Sonra Mamud Mehdiyev çıxış etdi və məhkəmənin ən əyləncəli hissəsi də onun çıxışı oldu. Mehdiyev əvvəlcə təqdim edilən internet materiallarının notarial qaydada təsdiq edilməli olduğunu, bu saytların qanuni fəaliyyət göstərməsi haqqında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən arayış təqdim edilməli olduğunu, hakimin interneti açıb oxumağa borclu olmadığını bildirdi. Vəkil Elçin Sadıqov 1998-ci ildən Azərbaycanda KİV üzərində senzuranın ləğv edildiyini və RİTN-nin mətbuatın fəaliyyətinə nəzarət etmədiyini, ona görə də bu nazirlikdən arayış tələbinin absurd olduğunu dedi.
"İnternet alma, armud, nar deyil ki, onu bazardan alıb hakimə təqdim edək"
Gültəkin Hacıbəyli isə mülki işlərdən fərqli olaraq cinayət icraatında sübutların notarial qaydada təqdim edilmədiyini vurğuladı: "Çox təəssüf edirəm ki, ali hüquq təhsilli bir adam belə gülünc fikirlər səsləndirir. İnternetlə tanış olmağın yeganə yolu konkret ünvanla internetə daxil olmaqdır. Biz bu ünvanı göstərmişik. Hakim açıb oxumalıdır. Hətta hakimin işini asanlaşdırmaq üçün internetdən çıxarışları da təqdim etmişik. Axı internet alma, armud, nar deyil ki,biz onu bazardan alıb hakimə təqdim edək".
Mahmud Mehdiyev Mahmud Mehdiyev deyilmiş?
Mahmud Mehdiyevin səsləndirdiyi növbəti fikir isə onu və heç şübhəsiz ki, təmsil etdiyi hakimiyyəti gülünc duruma salmaya bilməzdi. O, dedi: " Şikayətçi şikayət ərizəsində bu əməlin konkret Mahmud Mehdiyev tərəfindən törədildiyini sübut etməli idi. Təqdim olunan sübutlardan məlum olmur ki, əməl doğrudan da Mahmud Mehdiyev tərəfindən törədilib, ya yox!". Yəni, başqa sözlə desək, Mahmud Mehdiyev məşhur mətbuat konfransında çıxış etdiyini danır. Onlarla KİV-də, hətta "Xəzər" TV-nin xəbərlərində dəfələrlə yayımlanan bu mətbuat konfransını Mahmud Mehdiyev deyilsə, kim təşkil edibmiş? Bəlkə hakimiyyət Gültəkin Hacıbəyliyə qarşı cəbhənin genişliyini nəzərə alaraq Mahmud Mehdiyevi bir neçə nüsxədə klonlayıb və mətbuat konfransında çıxış edən Mehdiyevin özü yox, klonu olub? Hakim Vüqar Məmmədov heç bir fakta münasibət bildirmədən, heç bir əsas göstərmədən apellyasiya şikayətinin rədd edilməsi haqqında qərar verdi.
Ümumiyyətlə, Mahmud Mehdiyevin məhkəmədəki son davranışlarından, faktiki olaraq, 17 may tarixli mətbut konfransında özünü danmasından belə hiss olunur ki, onun sifarşçilərini ifşa edərək özünü "qurban" kimi təqdim edəcəyi gün də uzaqda deyil. Nələrinsə qarşılığında oğlunun anasının üzünə duran birisini özlərinə müttəfiq seçənləri, yəqin ki, qarşıda hələ çox sürprizlər gözləyir.
Gültəkin Hacıbəyli: " Bu analoqu olmayan əxlaqsızlıq kampaniyasıdır"
Bu məzhəkəli məhkəmə ilə bağlı Gültəkin Hacıbəylinin fikirlərini öyrəndik. O, bunları bildirdi: "Azərbaycan hakimiyyəti mənim 9 il əvvəl həyatımdan sildiyim, 9 il ərzində övladı ilə bir dəfə maraqlanmayan, 9 ildən sonra məhkəmənin təyin etdiyi 200 manat alimenti verməkdən imtina edən, məndən sonra bir neçə dəfə nişanlanmış, evlənib-boşanmış və sonrakı xanımı ilə də məhkəmədə uşaq üstündə çəkişən, prokurorluq orqanlarından bu orqan işçisinə yaraşmayan hərəkətlərinə görə xaric edilən, evində, ailəsində bacısı Aynur Mehdiyeva tərəfindən törədilən əməllərə görə DİN tərəfindən cinayət işi açılan (Aynur Mehdiyevanın əməli iyun ayında ifşa olunsa da, ortada konkret zərərçəkən və hətta, mənim əlimdə belə insan alveri cinayətini sübut edən təkzibedilməz faktlar olsa da, o, hələ də məsuliyyətə cəlb edilməyib) birisinə mətbuat konfransı təşkil edib, Beynəlxalq Mətbuat Mərkəzini sərəncamına verib, KİV-ləri, hətta TV-ləri cəlb etməklə mənə qarşı 37-ci ilin ən iyrənc ənənələrinə uyğun geniş "ifşa" kampaniyası aparıb. Təbii ki, belə olan halda, sifarişçilər Mehdiyevi müdafiə etməyə borcludurlar və məhkəmədən başqa qərar gözləmirdim də. Ancaq, bu qərarla hakmiyyət özü-özünü ifşa etdi və faktiki olaraq mənə böhtan atdığını etiraf etdi. Mənə qarşı Mahmud Mehdiyevin dili ilə dedikləri böhtan, yalan, təhqir deyildisə, şikayəti icraata götürüb məni ifşa etməli idilər, mənim "Mehdiyevlərin başına açdığım oyunları" bütün ölkəyə göstərməli idilər. Axı mən "vətən xaini, rüşvətxor, reketçi, hədə-qorxu yolu ilə Mehdiyevlərdən və başqalarından külli miqdarda pul ələ keçirən" idim, nədən bunu sübut etmək istəmirsiniz, nədən bu fürsəti qaçırırsınız? Axı Baş Prokurora, Vergilər nazirinə, Daxili İşlər nazirinə, rektorlara, məhkəmə sədrlərinə qanunsuz göstərişlər verib onları cinayətə sövq edirdim, onları cəzalandıracağımla hədələyirdim, az qala məhkəmə və icra hakimiyyətlərinin səlahiyyətlərini mənimsəmişdim, niyə dediklərinizin altından qaçırsınız? Qoy bu yüksək vəzifəli şəxslər məhkəməyə gəlib izahat versinlər ki, niyə onlara heç bir təsir imkanı və səlahiyyəti olmayan bir millət vəkilinin təzyiqi ilə belə vəzifə cinayətləri törədiblər və, ümumiyyətlə, adi bir millət vəkili onlara necə təzyiq edə bilərdi? İndi Mahmud Mehdiyev o qədər miskin durumdadır ki, mətbuat konfransında özünün olduğunu belə danır. Mən məhkəməyə mətbuat konfransındakı Mehdiyevin bu Mehdiyev olduğunu sübut etmək üçün onun qan və DNK analizini təqdim etməliyəmmi?
"Məhkəmə hakimiyyətini ləğv edib büdcə kəsirini azaldın"
Mehdiyev məni açıq mətnlə ağır və xüsusilə ağır cinayətlər törətməkdə, hətta Cinayət Məcəlləsinin konkret maddələrini göstərməklə ittiham edib, mənə böhtan atıb. Bütün ölkənin gözü qarşısında mən bu əxlaqsızlıq kampaniyasında iştirakdan imtina etmişəm və susmuşam. Bu qədər ağır böhtan və təhqirlərin qarşısında gözləri kor, qulaqları kar, vicdanı isə, ümumiyyətlə, olmayan Azərbaycan məhkəməsi "Əgər mən pis idimsə niyə yalvarırdın ki, boşanmayım" cümləsinə görə məni cinayət qaydasında dörd aydır təqib edir! Yəni, hakimiyyətin siyasi opponenti olduğum üçün, mənim ən yumşaq şəkildə özünümüdafiə, cavab hüququm da yoxdur! O zaman məhkəmələr nə üçündür? Ədalət mühakiməsinin imitasiyasına nə ehtiyac var? Məhkəmə hakimiyyətini ləğv edib büdcə kəsirini azaldın. Hakimiyyətin bu davranışının bir adı var: qanunsuzluq və siyasi diskriminasiya! Mehdiyev bu məhkəməyə də vəkilsiz gəlmişdi, çünki Prezident Administrasiyasında əyləşən, məhkəmələrə sifarişlər, ona isə təlimatlar verən "vəkilinə" arxayındır. Ancaq, əbəs yerə. Bu cinayətin 7 il, insan alveri cinayətinin isə 15 il təqib müddəti var. Hələlik, bizim Avropa Konvensiyasının 6 və 8-ci maddələrinin pozulması ilə bağlı Avropa Məhkəməsinə şikayətimiz hazırdır. Apellyasiya məhkəməsinin qərarını gözləyirik. Dərhal kasassiya şikayəti verəcəyik. Şikayəti Avropa Məhkəməsinə göndərməklə bərabər, təkrar verəcəyik. Mən, mənə qarşı bu analoqu olmayan əxlaqsızlığı törədənlərin, mənim şərəf və ləyaqətimi ağır formada təhqir edənlərin, mənə böhtan atanların öz layiqli cəzalarına çatdığı günədək mübarizəmi davam etdirəcəyəm. Eyni zamanda, övladımın səhhətinə və psixikasına vurulan ağır zərbələrə görə də hüquqi prosedurlara hazırlaşırıq.
























































































