Qızıldaş camaatı ayağa qalxdı

Hazırda oxunan: Qızıldaş camaatı ayağa qalxdı

39215
Dekabrın 30-da Bakının Qaradağ rayonu Qızıldaş qəsəbəsinin sakinləri etiraz aksiyası keçirdilər. Bir gün öncə Müşfiqabad qəsəbəsindəki yol polisi postunu bağlayan sakinlər dünən  rayon icra hakimiyyətinin qəsəbə nümayəndəliyi qarşısında toplaşdılar.  Etiraz edən qəsəbə sakinləri “Yeni Müsavat”ın hadisə yerində olan əməkdaşına bildirdilər ki, aksiya keçirmələrinə səbəb dekabrın 28-də Bakı-Şamaxı yolunda baş verən və 8 nəfərin ölümü ilə nəticələnən yol qəzasıdır.

Sakinlər bildirdilər ki, həmin qəzada Qızıldaş qəsəbəsindən Əfqan Bəndiyev, Güloğlan Əliyev və Nurlan  Qasımov  həyatlarını faciəli şəkildə itiriblər. Sakinlər iddia edir ki, qəzaya səbəb həmin vaxt Bakı-Şamaxı yolunda reydə çıxan Yol Patrul Xidmətinin əməkdaşlarıdır.
“Uşağı o qədər döymüşdülər ki, mən onu tanımadım”

Mərhum  Əfqan Bəndiyevin qardaşı Rəhman Bəndiyev hadisəni bizə bu cür təsvir etdi: “Qardaşımın olduğu maşını yol polisləri saxlayıblar. İki formalı, bir də mülkü geyimli polis onlara yaxınlaşaraq vurublar. Youtube-də qoyulan və yoldan keçən biri tərəfindən təsadüfən çəkilən videoda da aydın görünür ki, polis əməkdaşları qardaşımgili dəyənəklə vururlar.  Polislər qardaşımgili söyərək vurarkən Nurlan  cəld tərpənərək maşını sürərək uzaqlaşmağa çalışıb. Bunu görən yol polisləri maşınla onları 3-4 kilometr qovublar. Nəticədə qardaşımgil qəzaya düşüb. Yol polisinin sürücünü vurmağı və qovması qanunla qadağan olunub.  Tələbimiz budur ki, həmin yol polisləri müəyyənləşdirilsin və cəzalandırılsın. Axı kim onlara o ixtiyarı verib? Qaydanı pozub, nömrəsini götür, cəriməsini yaz. Yaxud qarşıdakı posta xəbər ver maşını saxlasınlar”.

Nurlan Qasımovun dayısı Lətif Orucov isə bildirdi ki, morqda bacısı oğlunu tanımayıb: “Uşağı o qədər döymüşdülər ki, mən onu tanımadım. Üzü-gözü əzik və şiş idi. Polis dəyənəklə o qədər sifətinə vurmuşdu ki, sifəti qaralmışdı. Bədəninin heç bir yerində sınıq yox idi. Qəzada adətən dəmirə keçən sifət və ya baş nahiyəsi cırılır. Nurlan və digər uşaqların isə sifətləri şişmişdi. Gözlərinin altı qaralmışdı”.

“Polislər təcili yardım çağırmayıblar”

L.Orucov daha sonra bunları dedi: “Nurlan qəza vaxt ölməyib. O birilərini bilmirəm, amma  Nurlan can verirmiş. Polislər təcili yardım çağırmayıblar. Niyə polislər sağ olan Nurlan Qasımova ilk yardım göstərməyiblər?  Biz bunu polislərin müəyyən sübutları bilərəkdən yox eləməsi kimi dəyərləndiririk. Çünki Nurlan sağ qalsaydı, polislərin qanunsuz əməllərini ortaya çıxaracaqdı. Bizim qəsəbənin sakinləri üçün çox böyük  faciədir. Rəhmətlik Nurlan Qasımov nişanlı idi. Toyu olacaqdı. Uşaqların bu cür faciə ilə ölməsi bizi hədsiz sarsıdıb”.

Qaradağın polis rəisi: “Yaxınlarını itirmiş vətəndaşlarla bir-bir söhbət etmişəm”

Qəsəbə nümayəndəliyində qəza qurbanlarının yaxınlarını dinləyən Qaradağ Rayon Polis İdarəsinin rəisi İntiqam Mirsalayev bildirdi ki,  daxili işlər naziri Ramil Usubov məsələni şəxsən diqqətdə saxlayır: “Səhər saatlarından burdayam. Yaxınlarını itirmiş vətəndaşlarla bir-bir söhbət etmişəm. Şikayətlərini dinləmişəm. Lazımi vətəndaşlardan izahat almışam. Yol polisləri və digər faktlarla bağlı araşdırma başlatmışıq. Rayon icra hakimiyyətindən də burada nümayəndələr var. Bizim borcumuzdur ki, vətəndaşlara düzgün hüquqi istiqaməti verək. Bunun üçün nə lazımdırsa şəxsən mən Qaradağın polis rəisi olaraq edəcəyəm”.
N.Qasımovun anası Səkinə Qasımova da günahkarların cəzalandırılmasını tələb edir: “Onlar cəzalandırılsın ki,  bəlkə mənim ürəyim sakit olsun. Uşaqların ruhu dinc olsun.  Mən Qaradağın polis rəisi ilə danışdım. Digər uşaqların yaxınları və mən protokola qol çəkdik. Polis rəisi bizə söz verdi ki, bu işi sona kimi araşdıracaqlar və nəticəsi olacaq”.
S.Qasımova Nurlanın avtoxuliqan olması ilə bağlı səsləndirilən iddialara da münasibət bildirdi: “Oğlumu bu qəsəbədə hamı tanıyır. O hörmətli uşaq olmasaydı, qəsəbənin hamısı ona görə gedib postu bağlamazdı. Bu soyuqda aksiya keçirməzdi.  Deyilənlər hamısı yalandır. Uşaqların ölümünə səbəb olan yol polisləri müəyyən olunsun və cəzalandırılsın. Mənim və qəsəbə sakinlərinin yeganə istəyi budur”.

Qeyd edək ki, dekabrın 28-də Qobustan rayonu Cəngi qəsəbəsinin ərazisində Bakı şəhər sakini Nurlan Qasımov və Ağsu rayon sakini İnqilab Hacıəliyevin idarə etdikləri “VAZ-2107" markalı avtomobillər toqquşub. 

Nurlan Qasımov və sərnişinləri - Bakı şəhər sakinləri Güloğlan Əliyev, Əfran Bəndiyev hadisə yerində, digər avtomobilin sürücüsü İnqilab  Hacıəliyev və sərnişinləri - Ağsu rayon sakinləri Tutu Nuriyeva, Səməndər Xəlilov, Valeh Mədətov və Gülşən Nuriyeva isə xəstəxanada dünyalarını dəyişiblər. 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.  

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakı-Şamaxı yolunda baş verən dəhşətli qəzaya yol polisinin səbəb olması barədə deyilənləri təkzib edib.  İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya bildirib ki, dekabrın 28-də Bakı-Şamaxı yolunun Qobustan rayonunun Cəngi kəndi ərazisindən keçən hissəsində 8 nəfərin ölümü ilə nəticələn ağır yol qəzasının bəzi KİV-də guya yol polisinin qəzaya uğrayan avtomobili təqib etməsi nəticəsində baş verməsi barədə yazılanlar yanlışdır: “Baş verən qəza kameralar vasitəsilə qeydiyyata alınıb və idarənin istintaq şöbəsində aparılan araşdırmadan sonra hadisəyə hüquqi qiymət veriləcək”.























© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin