Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun müalicəsi “Yeni Klinika”da davam edir.
Bizim.Media xəbər verir ki, vəziyyəti ağır olduğu üçün EKMO cihazına qoşulan jurnalistin anası Zöhrə Hüseynova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb.
“Çox hörmətli, Mehriban xanım! Oğlum - Azərbaycanın tanınmış jurnalisti və teleşərhçisi, 25 ilə yaxın televiziyada çalışmış, Azərbaycan Olimpiya Hərəkatının, idman ailəsinin uğurlarını daim təbliğ etmiş Şükürov Elnur Əşrəf oğlu hazırda ağır xəstədir.
MÖVZU İLƏ BAĞLI:
Elnur Əşrəfoğlunun səhhəti necədir? - “Yeni Klinika"dan AÇIQLAMA
2021-ci il sentyabrın 2-də koronavirus infeksiyasına yoluxan oğlumun vəziyyəti ağırlaşdığından ayın 9-da o müalicə üçün "Yeni Klinika"ya yerləşdirilib.
Lakin həkimlərin bütün diqqət və qayğısına, Elnuru həyata qaytarmaq üçün etdikləri cəhdlərə baxmayaraq övladımın vəziyyətində irəliləyiş olmamış, əksinə, sentyabrın 19-da koma vəziyyətinə düşmüşdür. Hazırda övladıma həyatda qalması üçün EKMO aparatı vasitəsilə dəstək verilir.
Elnurun bir böyrəyi 10 il əvvəl ağır xəstəlik səbəbindən götürüldüyündən hazırki durumda oğlumun səhhəti üçün əlavə problem yaradıb.
Bir ana olaraq, Sizə son ümid işığım kimi müraciət edirəm: Xahiş edirəm, övladımın müalicəsini öz diqqət və nəzarətinizə götürəsiniz.
Bizim ailə üçün, Elnurun 2 azyaşlı övladı üçün son dərəcə kritik bu məqamda ümidimiz göydə Allaha, yerdə Sizin şəfqət və mərhəmətinizədir”, - deyə Zöhrə Hüseynova müraciətində qeyd edib.
Bizim.Media