2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı.
44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Bizim.Media Vətən müharibəsinin 2-ci gününün xronikasını təqdim edir.
• BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onunla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş olub. Prezident İlham Əliyev ötən gün Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatla bağlı hadisələrin gedişinə dair məlumat verib.
Qeyd edib ki, sentyabrın 27-də Ermənistan təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutub və bunun nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olublar.
Azərbaycan tərəfi özünümüdafiə məqsədilə uğurlu əks-hücum əməliyyatları həyata keçirir.
• Müdafiə Nazirliyi Ermənistan ordusunun üç silah-sursat anbarının, onlarla texnikasının və 550-dən çox canlı qüvvəsinin məhv edildiyi barədə məlumat yayıb.
• Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib, Ermənistan Ordusunun xeyli sayda canlı qüvvəsi məhv edilib.
• Ermənistan silahlı birləşmələrinin Tərtər Rayon Məhkəməsinin yerləşdiyi əraziyə artilleriya atəşi nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb.
• Baş Prokurorluq düşmənin Tərtərdə əlillər və məcburi köçkünlər üçün tikilmiş binanı atəşə tutması nəticəsində iki nəfərin həlak olması və iki nəfərin yaralanması barədə məlumat yayıb.
Bizim.Media