İkinci Qarabağ Müharibəsinin birinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında 27 sentyabr – Anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycanın Britaniyadakı səfirliyinin əməkdaşları, Britaniyada yaşayan Azərbaycanlı icmasının nümayəndələri və Azərbaycanın dostları iştirak edib.
Bizim.Media xəbər verir ki, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
MÖVZU İLƏ BAĞLI:
Madriddə Vətən müharibəsi şəhidlərinin xatirəsi anıldı - FOTO
Azərbaycanda xalqla dövlət arasında mövcud olan möhkəm birliyin ölkəmizin İkinci Qarabağ savaşındakı parlaq qələbəsində oynadığı mühüm roldan da bəhs edən səfir Elin Süleymanov bu birliyi qoruyub saxlamaq, gücləndirmək və Azərbaycanın adını hər zaman yüksəkdə tutmağın bütün azərbaycanlıların ən ümdə borcu olduğunu deyib.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiyadakı səfirliyinin hərbi attaşesi Vüqar Əhmədov 44 günlük Vətən müharibəsi ərzində Azərbaycan əsgərinin göstərdiyi əlahiddə şücaət və qəhrəmanlıq nümunələrindən bəhs edib.
O, qeyd edib ki, Müzəffər Ali Baş Komandan və müzəffər Azərbaycan ordusunun rəşadəti hər bir Azərbaycanlı üçün qürur mənbəyidir.
Anım tədbirində Britaniyadakı Azərbaycanlı icmasının nümayəndəsi, “Azərbaycan Evi” təşkilatının sədri Ali Tekin Atalar da çıxış edərək şəhidlərin xatirəsinin harada olmasından asılı olmayaraq hər bir azərbaycanlının ürəyində əbədi olaraq yaşayacağını bildirib.
Ali Atalar, həmçinin Türkiyə, Pakistan, İsrail kimi ölkələrin 44 günlük müharibə dövründə ölkəmizin yanında olmasının əhəmiyyətini vurğulayıb.
Bizim.Media