Türkiyə Respublikası Milli müdafiə nazirinin müavini cənab Muhsin Derenin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri başlayıb.
Sentyabrın 27-də Türkiyə nümayəndə heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb.
Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib. Qonaqlar, həmçinin Şəhidlər xiyabanı və Türk şəhidliyində də olublar, sonra türkiyəli heyət Müdafiə Nazirliyinə gəlib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevlə Ərdoğan telefon danışığında nəyi müzakirə etdilər? - DETALLAR
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov cənab M.Derenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
General-polkovnik Z.Həsənov ölkələrimiz arasında münasibətlərin dostluq və qardaşlıq üzərində qurulduğunu xatırladaraq Azərbaycanın müdafiə qüdrətinin artırılması məqsədilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində Türkiyə ilə əməkdaşlığın genişləndirildiyini və bunun bölgədəki sabitliyi təmin edən mühüm amillərdən olduğunu bildirib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı Qələbənin Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini xüsusi vurğulayan nazir qardaş Türkiyənin göstərdiyi dəstəyə görə öz minnətdarlığını bildirib.
Türkiyənin Milli müdafiə nazirinin müavini ölkələrimiz arasında hərbi sahədə birgə sənayenin inkişaf etidirilməsinin, qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini qeyd edib.
Görüşdə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri və əsas istiqamətləri müzakirə edilib, iki ölkə ordularının müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə birgə hərbi təlimlərin keçirilməsi, həmçinin maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Azərbaycan Ordusu ilə uğurlu əməkdaşlığa görə Türkiyə Respublikası Milli müdafiə nazirinin müavini cənab Muhsin Dere Azərbaycan Respublikasının "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub.
Bizim.Media