Onu hər zaman uzaqdan Azər Qəribin oğlu Şaiq Qəribzadə kimi tanımışam. Böyük əksəriyyət kimi düşünmüşəm ki, gənc yaşlarında uğur qazanmasında atasının rolu və payı çoxdur. Amma Şaiqlə həmsöhbət olanda yaxşı mənada yanıldığımı hiss etdim. Təbii ki, valideynlərin övladının böyüməsində, şəxsiyyət kimi formalaşmasında rolu böyükdür. Bizim Media-nın qonağı, “Azəri Ekspress” şirkətinin rəhbəri Şaiq Qəribzadə suallarımızı cavablandırdıqca yadıma bir ata məsəli düşürdü, “yaxşı oğul ata malını neylər, pis oğul ata malını neylər”
- Pandemiya dövründə dövlət sahibkarlara necə dəstək oldu?
- Son illər bu sahədə dəyişikliklər var. Dövlət şəffaf şəkildə işləyənlərə yardımını əsirgəmir. Pandemiya dövründə ilk növbədə sözügedən sahibkarlara dəstək verildi. Həmin şirkətlərin bütün əməkdaşları qeydiyyata alınmışdı, əmək haqqıları verilirdi və vergilərini vaxtı vaxtında ödəyirdilər. Mən də sahibkar olaraq pandemiya dövründə dəstək aldım.
Elə sahibkarlar var, şikayət edirlər ki, bəs dövlət bizə dəstək olmadı, falan. Araşdıranda məlum olur ki, günah özlərindədir. Tutaq ki,15 işçisi olan bir şirkət ya 10, ya 5 nəfər əməkdaşını qeydiyyata alıb onların maaşlarını minimal rəqəmdə rəsmiləşdirərək, pandemiya dövründə də buna uyğun dəstək alıb. Onların sonra şikayət etməsi doğru deyil.
- Azərbaycanda aparılan islahatlar biznes sahəsində hiss olundu?
- Ölkədə aparılan islahatlardan sonra yeni komanda formalaşıb və biz sahibkarlar dəyişikliyi müsbət mənada hiss edirik. Problemlərimiz diqqətə alınır, buna uyğun qanunlarda dəyişikliklər edirlər. Təəssüf ki, hələ də elə dövlət qurumları var, hansısa qanunları qəbul edəndən sonra əhali arasında ciddi narazılıq yaranır. Onlar da öz növbəsində sahibkaralara müraciət edərək insanların narazı olduğunu deyib, nə edəcəklərini soruşurlar.
Yaxşı olardı ki, qanunu Milli Məclisə təqdim etməmişdən həmin sahəyə aidiyyatı olan sahibkarlarla görüşüb onların da fikirlərini öyrənsinlər. Bir çox qanunlar var ki, qəbul olunsa da kağız üzərində, rəflərdə qalır. Bəzi dövlət qurumları özlərini təpədə görürlər, sahibkarlara yuxarıdan aşağı baxırlar, hörmət eləmirlər, onlar da yavaş-yavaş süqut edəcəklər.
Aidiyyatı qurumların sizinlə əməkdaşlığından razısınız?
- Öz təcrübəmdə belə bir məqamlar olub, hansısa dövlət qurumundan məktub gəlir ki, siz falan şeyləri eləməmisiniz, əgər etməsəniz cərimə ödəyəcəksiniz. Cavab olaraq məktub yazırsan ki, hansı qanunlara uyğun olaraq bunu bizə deyirsiniz? Yenidən məktub göndərirlər ki, gəlib bizimlə görüşməlisiniz. Mən sahibkaram, vergi ödəyirəm, dövlət orqanlarının maaşları bizim ödədiyimiz vergilər əsasında maliyyələşdirir. Dövlət sahibkara daha yaxın olmalıdır, həmin qurumların əməkdaşları sahibkarların yanına gəlib, məsələni bir yerdə aydınlaşdırmalıdılar.
- Şaiq müəllim, biznes kreditləri barədə fikirlərinizi bilmək maraqlı olardı…
- Biznesin kredit faizləri mütləq şəkildə aşağı salınmalıdır. Pandemiya dövründə proqrama uyğun olaraq, aldığımız kreditin sırf yarısını dövlət öz üzərinə götürdü. Amma bu pandemiya dövründə zərəçəkən sahələrə ayrıldı. Yəni 15%-lik kreditin 7,5 %-ni öz üzərinə götürdü, qalanı özümüz ödədik.
Sahibkar buna sevinir, amma 7,5%-də biznes üçün böyük faiz dərəcəsidir. Yenidən 15,18,20%-lik dərəcəyə qayıdacağıq, bununla biznes qurmaq çox çətindir. Sahibkar mütləq inkişaf etməlidir, bu dünyada da belədir. Şirkət qazandığının 90-95%-ni yenidən investisiyalara qoymalıdır ki, bazarda hər zaman yeni məhsullar, reallıqlarla yerini tutsun. Ona görə də biznes kreditlərnin faiz dərəcəsinin aşağı salınması çox vacibdir.
Allahdan verilən bir vergidir sahibkarlıq
- Sizi biznesdə uğurlu gənc sahibkar adlandırmaq olar. Gənclər nədənsə bu sahəyə gəlməkdən çəkinirlər. Uğurlu sahibkar olmağın formulu nədir?
- 90-cı illərdən fərqli olaraq, indi Azərbaycanda biznes qurmaq və inkşaf etdirmək qat-qat asandır. Düzdür bəzi nüanslar var mane olur, amma ümumi desək, özümdən misal çəkmək istəyirəm, fəaliyyətimi heç bir dövlət qurumu falan təftiş etmir. Ona görə də mən sahibkar olaraq, biznesimi inkşaf etdirirəm, ya etdirmirəm o artıq özümdən asılıdır. Elə insan var o daxilən, düşüncəsi ilə sahibkardır, elə insan da var o heç vaxt sahibkar ola bilməz.
Ona rahatdır müdüri olsun, tapşırığını yerinə yetirsin. Bu da o demək deyil ki, həmin adam hansısa sahibkardan az məvacib qazanacaq. Fərqi yoxdur Azərbaycanda, ya dünyanın hansısa ölkəsində, sahibkar olmaq çətindir. Sırf pandemiya dövrünü, mənim səkkiz ayda yaşadıqlarımı götürsək, deyə bilərəm ki, hansısa dövlət qurumunda işləyən, maaş alandan daha çox həyəcan keçirmişəm.
Çünki mənim məsuliyyətim təkcə ailəm üzərində deyil, 65 əməkdaşım var, onlar maaş alacaqlar, almayacaqlar, biz onları işdən çıxardacağıq, ya çıxardmayacağıq sualları yaranır. Buna baxmayaraq mən gənclərin sahibkarlığa gəlməyinin tərəfdarıyam. Allahdan verilən bir vergidir sahibkarlıq, sadəcə öz üzərində işləməlisən. Atamda heç vaxt sahibkar düşüncəsi olmayıb
- Atanız Azər Qəribin sahibkar olmanızda rolu var?
- Atamda heç vaxt sahibkar düşüncəsi olmayıb və bunu gizlətmir də. O daha çox yaradıcı insandır. Bizə də onun yardıcılığından az da olsa, pay düşüb. Mənim 4-5 il öncə “Daily sport” saytım vardı, 2015-ci ilin ən yaxşı idman saytı seçilmişdi. Bir müddət restoran işlətmişəm. Hər biri öz vaxtında uğurlu olub. Konservativ bir ailədə böyümüşəm.
Məsələn, pul nədir, uşaq nədir deyiblər. Restoran biznesi ilə məşğul olanda atam deyirdi ki, o sənin sahən deyil. Sahibkarlığa gəlincə daha çox əmimə bənzəmişəm, məni biznesə də əmim gətirib. 17yaşımdan işləyirəm. Mən şirkətə gələndə cəmi 14 əməkdaşımız, bir ofisimiz vardı. 5 il ərzində isə onların sayı 65 nəfər oldu, 4 ofisimiz var.
Həm Şuşada, həm də Füzulidə şirkətimizin ofisini açmaq niyyətindəyəm
- İşğaldan azad edilmiş torpaqlarımızda şirkətinizin yeni ofisini açmaq fikriniz var?
- Biz həm böyük, şanlı zəfər qazandıq, həm də bir yumruq kimi bir olduq. Bu çox qürurverici idi. Heç vaxt Azərbaycan Ordusunun, Əsgərlərimizin etdiklərini edə bilməzdik, onların haqqı ödənməz. Arxa cəbhə olaraq, öz dəstəyimizi göstərdik və bunu borc hesab edirik. Dostlarımla “True Story” layihəsini gerçəkləşdirdik.
Sosial şəbəkələrdə də populyar oldu. 22 fərqli dildə Azərbaycan həqiqətlərini həm dünyaya, həm də xaricdə yaşayan azərbaycanlılara çatdırırdıq. Sevindirici haldır ki, dövlət də bizi təqdir etdi və sıx əməkdaşlıq etməyə başladılar. Artıq dövlətin mövqeyini çatdırırdıq. Bir təklifim də var, vətəndaşları olaraq biz onsuz da vergi ödəyirik. Bir vergi də olsun, hər ay öz əmək haqqımızdan az da olsa 1,2% şəhid ailələrinə, qazilərimizə ayırıb verək.
Böyük dəyişikliklər fonunda qayıdışa öz töhvəmizi vermək, həm Şuşada, həm də Füzulidə ofis açmaq, poçt daşınmalarımıza orada da davam etdirmək istəyindəyik. Digər tərəfdən sahibkar olaraq böyük qayıdışa da dəstək verməyə hazırıq.
Ağanisə Sultan, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:45 / 30.11.2020
Şaiq Qəribzadə: “Atamda heç vaxt sahibkarlığa meyllilik olmayıb”
Hazırda oxunan: Şaiq Qəribzadə: “Atamda heç vaxt sahibkarlığa meyllilik olmayıb”
Hazırda oxunan: Şaiq Qəribzadə: “Atamda heç vaxt sahibkarlığa meyllilik olmayıb”
3898
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.