Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikasının 2022-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin müzakirəsinə həsr olunmuş Nazirlər Kabinetinin geniş iclası keçirilib.
Bizim.Media xəbər verir ki, iclası açan Baş nazir Əli Əsədov 2020-ci ilin düşmən üzərində parlaq Qələbə nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə əlamətdar olduğunu bildirdi. 2021-ci ilin ötən dövrünün iqtisadi göstəricilərinə toxunan Baş nazir 8 ayda iqtisadi artımın 3.6% təşkil etdiyini, o cümlədən qeyri-neft sektorunun 5.7% artdığını, qeyri-neft sənayesində 18.4% artımın qeydə alındığını bildirib.
MÖVZU İLƏ BAĞLI:
Baş nazir bu institutun adını DƏYİŞDİRDİ
Qeyd edilib ki, 2022-ci ildə ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, onun müasir hərbi texnika və silah-sursatla təchizatı, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi, müdafiə sənayesinin təkmilləşdirilməsi və digər tədbirlər üçün maliyyə təminatının yaradılması əsas prioritet xərc istiqamətlərindən biri olacaq.
Azərbaycanda COVID-19 xəstəliyinin əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı həyata keçirilən praktiki tədbirlərdən söhbət açılıb.
Bildirilib ki, 2022-ci ildə də pandemiya ilə mübarizə məqsədilə dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulub.
Bildirilib ki, kənd təsərrüfatı sahəsində əsas prioritet keyfiyyət dəyişikliyinə nail olmaq, məhsuldarlıq və səmərəliliyi artırmaqdır.
Eyni zamanda, vurğulanıb ki, qlobal ərzaq bazarlarında bəzi məhsullar üzrə qiymətlərdə müşahidə edilən bahalaşmanın ölkənin ərzaq təminatına mənfi təsirinin qarşısının alınması, idxaldan asılılıq səviyyəsinin azaldılması və ərzaq təhlükəsizliyinin etibarlı təşkil edilməsi xüsusi diqqət tələb edən məsələlərdəndir.
Bu baxımdan, dünya birjalarında buğda kəskin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı subsidiya dəstəyi barədə müvafiq qərarların qəbul olunduğu bildirilib.
Dövlət satınalmalarının şəffaflığı və effektivliyinin təmin edilməsi istiqamətində işlərin davam etdiriləcəyi, şişirdilmiş qiymətlərlə satınalmaların qarşısının qətiyyətlə alınması məqsədilə müvafiq addımların atılacağı qeyd edildi.
Tenderlər zamanı müqavilələrin bir mənbə ilə bağlanması hallarının tez-tez baş verdiyi vurğulanaraq bunun qəbuledilməz olduğu bildirilib.
Ölkədə tətbiq edilən subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə bundan sonra da ardıcıl tədbirlərin görüləcəyi qeyd edilib.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial islahatlar, ictimai iş yerlərinin yaradılması, məşğulluq məsələləri və aztəminatlı əhalinin sosial-rifahının yaxşılaşdırılması bundan sonra da diqqət mərkəzində olacağı vurğulanıb.
Şəhid ailələrinə və müharibə əlillərinə göstərilən hərtərəfli dövlət qayğısı, onlara maliyyə dəstəyinin göstərilməsi, müalicəsi və sosial durumlarının yaxşılaşdırılması məsələsinin bundan sonra da prioritet təşkil edəcəyi vurğulanıb.
Baş nazir bir daha xatırladıb ki, insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması Hökumət üzvlərinin əsas vəzifələrindən biridir və bu məsələ daim diqqət mərkəzində olmalıdır.
Daha sonra gündəlikdə duran məsələlərə dair məruzələr dinlənilib, müzakirələr aparılıb.
Bizim.Media