Xəbər verildiyi kimi Oğuzda qadın əri tərəfindən döyülərək öldürülüb. Hadisə rayonun Böyük Söyüdlü kəndində yaşanıb. Kənd sakini, 1957-ci il təvəllüdlü Gülgəz Mustaqova əri, 1958-ci il təvəllüdlü Vaqif Mustaqov tərəfindən ölümcül vəziyyətdə döyülüb. Qadın Oğuz Mərkəzi Xəstəxanasına çatdırılsa da, aldığı xəsarətlərdən orada dünyasını dəyişib.
Bizim.Media məlum olayın təfərrüatlarını öyrənməyə çalışıb.
MÖVZU İLƏ BAĞLI:
Oğuzda qadın döyülərək öldürüldü
Böyük Söyüdlü kənd bələdiyyə sədri Mürvət Kərimov hadisəni törədənin içki düşkünü olduğunu bildirib:
“Ailə münaqişəli və problemli idi. Kişi içki aludəçisi olduğundan hər zaman evdə münaqişə yaradırdı. Dünən də həddindən artıq içkili olub və yumruqla yoldaşına xəsarətlər yetirərək qətlə yetirib. Qadın fiziki cəhətdən çox zəif idi. Ona müqavimət göstərə bilməyib.
Mürvət Kərimovun sözlərinə görə cütlüyün 3 övladı var:
“İki qızı və bir oğlu var. Hamısı evlidir. Oğlu Bakıda yaşayır. Ailədə dəfələrlə qalmaqal yaşanırdı. Bir neçə dəfə qadın hüquq mühafizə orqanlarına şikayət də edib. Amma hər dəfəsinə ərini bağışlayırdı və yenidən mübahisələri düşürdü. Sonda da nəticə ölümlə bitdi”.
Hadisəni törətməkdə şübhəli bilinən Vaqif Mustaqov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Alçina Amilqızı, Bizim.Media