“Möhtərəm prezident cənab İlham Əliyev vətəndaşların müraciətinə diqqət və qayğı ilə yanaşır və bunu hər bir dövlət orqanından, hər bir dövlət məmurundan tələb edir”.
Bunu Moderator.az-a açıqlamasında Gəncə şəhər İcra Hakimiyyətinin sözçücü Kənan Məmmədov bildirib. Onun sözlərinə görə, bu məsələ Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən də daim diqqətdə saxlanılır: “Ölkə başççısının bu göstəriş və tələbi Gəncə Şəhər İcra Hakimiyyətinin fəaliyyətində prioritet məsələlərdən biri olmaqla, bu mühüm məsələ İcra Hakimiyyəti başçısı tərəfindən şəxsən nəzarətdə saxlanılır. Vətəndaş müraciətlərinin sayının artması tendensiyası, onların baxılmasına nəzarətin gücləndirilməsi, qaldırılan məsələlər barədə vaxtında tədbirlərin görülməsi, şəhər rəhbərliyinə olan inamın artmasından irəli gəlir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının səyyar qəbulu zamanı qaldırılan məsələlər, hər bir məhəllə və qəsəbənin ümumi problemləri sakinlərin birbaşa iştirakı ilə müzakirə edilərək onların həlli üçün operativ tədbirlər görülmüşdür. Bu ilin əvvəlindən şəhərin qəsəbə və yaşayış massivlərində 50 səyyar qəbul keçirilmişdir. Həmin qəbullarda 1352 nəfər vətəndaş tərəfindən irəli sürülmüş 258-dən çox məsələnin hamısı öz müsbət həllini tapmışdır. Şəhər İcra Hakimiyyəti başçısı Aparatının elektron ünvanına və saytına daxil olan müraciətlərin təhlili göstərir ki, şəhər sakinlərinin ictimai fəallığında müsbət irəliləyiş olmaqla, müraciətlərin və təkliflərin sayı da artmışdır. Vətəndaşların qəbulunu yaxşılaşdırmaq, onların müraciətlərinə baxılması və bu sahədə qaldırılan məsələlərin diqqətlə öyrənilərək qanunla müəyyən edilmiş qaydada və müddətdə operativ həyata keçirilməsi üçün bundan sonra da müvafiq tədbirlər görüləcəkdir”.


































































































