Koronavirus xəstələrindən pulu belə alıblar - Mesajlar üzə çıxdı 

Hazırda oxunan: Koronavirus xəstələrindən pulu belə alıblar - Mesajlar üzə çıxdı 

37946

Rüşvət ittihamı ilə həbs edilən Fövqəladə Hallar Nazirliyinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevin cinayət işi üzrə bəzi məqamlar bəlli olub. 

Bizim.Media xəbər verir ki, ittihama əsasən, İmran Ağayev koronaviruslu xəstələrin Hospitalın “VİP korpusu”na yerləşdirilməsi qarşılığında köməkçisi Qulu Orucov vasitəsilə qanunsuz şəkildə pul yığıb. 

Q.Orucov ittiham üzrə özünü təqsirli bilərək törətdiyi əməlləri etiraf edib:

“Hospitalda qeydiyyatçı işləyirdim. İmran Ağayev “Medi Style” klinikasının direktoru olduğundan həmin klinikada baş həkimin müavini vəzifəsində işləyən Lamiyə Əzizova ilə də qiyabi tanışlığım var idi. Aprelin 10-da Lamiyə ərinin qohumları olan iki nəfərin xəstəxanaya yerləşdirilməsini xahiş etdi. Buna görə 4 min manat verməsini dedim. Xəstələr hospitala yerləşdirildikdən sonra palatada onlardan pulu aldım. Daha sonra İmran həkimin otağında özünə verdim”. 

Q.Orucovun sözlərinə görə, baş həkim bu işin qarşılığında ona 200 manat “şirinlik” verib.

İstintaq araşdırması zamanı Lamiyə Əzizova və Qulu Orucovun xəstələrin klinikaya yerləşdirilməsi və ödənişlə bağlı məsələləri vatsapda yazışaraq həll etdiyi məlum olub.

“Qafqazinfo”ya istinadən həmin mesajları təqdim edirik: 

Lamiyə Əzizova:
Qulu müəllim, VİP razılaşdı. Ambulansı göndərirəm, 4 min manat ödəniş edəcəklər. Ər-arvaddırlar, yoldaşımın qohumlarıdır. 30 dəqiqəyə orada olacaqlar. Analiz verməyiblər, artıq orada gotürərlər də. 

Bundan sonra L. Əzizova xəstələrin şəxsiyyət vəsiqəsinin şəkillərini ona göndərib. 

Q.Orucov:
Mən indi bunları 14-ə keçirim, 14 verim bunlara, ya 18? 14 bildiyiniz məhşur 14-dür. 18 isə yeni açılan VİP-dir. Yaxşı rentgen elətdirərik. 

L.Əzizova: Vallah bilmirəm ki, siz hansını məsləhət görürsüz. Ətrafları genişdir, gedib reklam edəcəklər. Yaxşı yer deyin. 

İmran Ağayevin köməkçisi Qulu Orucov və Lamiyə Əzizova daha sonra ödənişin necə ediləcəyi ilə bağlı danışıblar. Q.Orucov ödənişi kimə edəcəklərini soruşub. 

L.Əzizova: Sizə etsinlər də. Ambulansa 600 ödəyəcəklər, qalanını da ora ödəsinlər, ya ambulansa? 

Q.Orucov: Yox, səhər özüm gedəcəyəm yanlarına, birinci 18-ə verirəm. Bəyənsələr qalarlar orada, bəyənməsələr 14-ə keçirərəm. Özüm götürərəm, 14-də indi boş palatam yoxdur. 

L.Əzizovanın “Onda mən heç nə deməyim özlərinə orada başa salarlar, qəbulda” mesajına cavab olaraq Q.Orucov “Nə başa salsınlar? Heç kimə pul deməsinlər, səhər mən yaxınlaşacağam” yazıb.  

Q.Orucov: Lamiyə xanım istəyirsizsə, Təcili Tibbi Yardıma ödəniş eliyəndə “summa”nı da ödəsinlər. Sizə necə uyğundursa, elə də edək. Mən indi gecə orada deyiləm, istəmirəm orada kiməsə versinlər, kimsənin məlumatı olsun bununla bağlı. İstəyirsizsə, təcili tibbi yardıma versinlər, onlar da sizə çatdırar, siz özünüz doktora verərsiniz. Necə istəyirsiz. 

L.Əzizova: Yox, daha bir də desəm, özümə qarşı şübhə yaradacağam, dedim səhər sizə yaxınlaşacaqlar. 

Q.Orucov: Yaxşı, nə vaxt gəlirlər? 15-ə verəcəm, 15-ci korpus (VİP) 

Səhəri gün Q.Orucov Lamiyəyə “Sabahınız xeyir, mən onlara dəydim, keflərini soruşdum, siz özünüz danışa bilərsiniz o məsələni? Üstlərindədirmi, gedim götürümmü mən onu?” mesajını yazıb. 

L.Əzizova isə “Qulu müəllim, mən onlara demişdim ki, səhər sizə yaxınlaşacaqlar, yəni deyəcəklər ki, ödənişi edin. Siz yaxınlaşıb deyə bilərsiniz, ödənişə görə yaxınlaşmısız. Bir də onlara deyin ki, ödənişi mənə edəcəksiniz, vəssalam, onlar biləcəklər”. 

Baş həkim İmran Ağayev isə ittihamlar üzrə özünü təqsirli bilməyib. O, hospitalda müalicənin tamamilə pulsuz olduğunu bildirib. 

Qeyd edək ki, İmran Ağayev Fövqəladə Hallar nazirinin müavini Faiq Tağızadənin bacısı oğludur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin