Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından fiziki şəxs Yalçın Nemət Oqtay oğlu tərəfindən сari ilin 6 və 10 sentyabr tarixlərində idxal edilən ümumi çəkisi 47600 kq, hüquqi şəxs “Salamoğlu-2020” MMC tərəfindən isə 7, 8 və 14 sentyabr tarixlərində idxal edilən ümumi çəkisi 70800 kq olan ərzaqlıq kartof məhsul partiyalarına Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müfəttişləri baxış keçiriblər.
Bizim.Media xəbər verir ki, baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunmuşdur.
Nümunələrin götürülməsi prosesində yük sahibinin və onun səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilmiş və ekspertiza keçirilənə qədər məhsul partiyasının toxunulmazlığı ilə bağlı xəbərdarlıq olunaraq onların bu barədə iltizamı alınıb.
Aparılmış ekspertizanın nəticələrinə əsasən, qeyd edilən beş idxal partiyasının hər birində ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilmiş zərərverici (Phthorimaea operculella – kartof güvəsi tırtıl mərhələsində) aşkar edilib.
Karantin tətbiq edilmiş bu cür zərərli orqanizmlər ətraf mühitə, ölkənin iqtisadi potensialına təhlükə yaradır.
Belə ki, kartof güvəsi kartof məhsuluna ziyan vuraraq onu tez bir zamanda xarab etməklə yanaşı, həmin xəstəliyin ölkə ərazisində yayılmasına və digər təsərrüfatlarda da böyük iqtisadi zərərlərin meydana gəlməsinə gətirib çıxara bilər. Belə zərərli orqanizmlər kütləvi yayıldıqda sahədə və ya çardaq altında müvəqqəti saxlanılan kartof məhsulunu 2-3 həftə ərzində tamamilə məhv edə bilir.
Bizim.Media