Son dövrlər leksikonumuzda özünə xüsusi yer tutmuş bir məsələ də prezidentin təvazökarlıq nümunəsi sərgiləyərək məmurlara nümunə olmağa çalışmasıdır. Maraqlıdır ki, bunu prezident də bir qayda olaraq son zamanlar çox tez-tez ifadə edir və dolayısı ilə məmurlara xəbərdarlıq edir ki, onun sadəliyindən nümunə götürsünlər, dəbdəbədən və cəh-calaldan uzaq olsunlar, millətə yuxarıdan aşağı baxmasınlar. Prezident dəfələrlə bildirib ki, o 50 illik yubileyini 2011-ci ildə Ağcabədidə- laçınlı məcburi köçkünlər üçün “Taxta körpü” adlanan ərazidə inşa edilmiş şəhərciyin açılışına həsr edib, gecəni də həmin rayonda keçirib. Ötən ilsə prezident doğum günündə -24 dekabrda anoloji addımını ataraq Sumqayıtdakı məcburi köçkün şəhərciyinin açılışını edib. Bundan sonra artıq bu çür açılışların ənənə halı alacağına kimsədə şübhə qalmayıb.
Maraqlıdır, görəsən, prezident bu ilki doğum gününü harda keçirəcək? Bununla bağlı Moderator.az saytına Gəncədəki mənbələrimizdən informasiya daxil olub. İddialara görə, son vaxtlar şəhər əhalisi arasındakı başlıca mövzu budur-bu ilin 24 dekabında prezident doğum gününü Gəncədə keçirəcək, əvvəlcə Kəlbəcərdən olan məcburi köçkünlər üçün inşa edilmiş şəhərciyin açılışını edəcək, ardından çoxdan intizarla gözlənilən və dedi-qodulara, şayiələrə səbəb olan iki dəfə ertələnmiş Gəncə səfərini gerçəkləşdirəcək, şəhərdəki bir çox açılışlar həyata keçirərək bolluca qırmzı lentlər kəsəcək. Bildirilir ki, neçə vaxtdır prezidentin Gəncəyə səfərini gözləyən şəhər əhalisi və başda Elmar Vəliyev olmaqla rəsmilər bu tarixi günü səbrsizliklə gözləyirlər, prezidentin səfərinin ölkənin ikinci paytaxtı üçün bayram ovqatı yaradacağı qənaətindədirlər.
Redaksiyadan: Ola bilsin ki, prezident deyilən vaxtda Gəncədə deyil, başqa bir yerdə səfərdə olsun. Amma bir şey yəqindir ki, o artıq bundan sonrakı doğum günlərini məcburi köçkünlərlə keçirərək örnəyini davam etdirəcək.

























































































