Zaur Məmmədov: “Mitinqlərdə iştirak edən inanclı insanlara qarşı müxtəlif formada təzyiqlər olduğu üçün səksəkə içərisində yaşayırıq”
Azərbaycan konstitusiyası hər kəsin vicdan azadlığını tanıyır. Konstitusiyamızın 48-ci maddəsinə görə, hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. Amma baş verənlər göstərir ki, Konstitusiyanın bu tələbinə tam əməl edilmir.
İctimai fəal Zaur Məmmədov deyir ki, Təhsil Nazirliyi tərəfindən orta məktəblərdə şagirdlərin hicab taxmasına məhdudiyyət qoyulması da vicdan azadlığının pozulmasıdır: “Hətta 2007-ci ildə "Təhsil haqqında" yeni qanun layihəsi hazırlanarkən baş örtüyü qadağasını qanuna da gətirmək istəyirdilər. Parlamentdə müzakirə zamanı məlum oldu ki, qanun layihəsi, nəinki Konstitusiya ilə ziddiyyət təşkil edir, hətta qanin layihəsinin bəzi bəndləri də bir-birini təkzib edirdi. Belə ki, qanun layihəsinin 5.2-ci maddəsində yazılmışdı ki, dövlət cinsindən, irqindən, dərisinin rəngindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. Amma qanun layihəsinin 11.1.8-ci maddəsində qeyd olunmuşdu ki, Azərbaycanın bütün təhsil müəssisələrində müəllim, şagird, tələbə və digər işçilərin baş örtüyündə (hicab, çadra və s) və digər dini geyimlərdə dərsdə iştirak etməsi qadağandır. Demək, qanun layihəsində dini geyimlərlə bağlı məsələdə ciddi ziddiyyətlər var idi. Amma sonradan
cəmiyyətdən buna qarşı təpkilər gəldikdə bu maddə qanundan çıxarıldı. Buna baxmayaraq bir müddət sonra orta məktəblərə baş örtüyü ilə getməyə qadağa qoyuldu.
2010-cu il noyabrın 23-də təhsil naziri Misir Mərdanov orta məktəblərdə şagirdlərin baş örtüyü ilə dərsə gəlməsinin qadağan olunduğunu bəyan etdi. Bundan sonra qadağa uyğun olaraq orta məktəblərdə hicablı şagirdlər dərsə buraxılmadı. Elə hər şey də bundan sonra başlanıdı. İnsanların Konstitusiya ilə onlara verilən hüquqlardan istifadə etmək istəyi onların bir çoxunun azadlarını itirməsi ilə nəticələndi. Belə ki, 2010-cu il dekabrın 10-da hökumətin hicab qadağasına etiraz olaraq dindarlar Təhsil Nazirliyi qarşısında aksiya keçirdi. Bu hadisə ciddi insidentə çevrilməsə də, özündən sonra başlayan böyük bir prosesin başlanğıcı oldu. Sonradan 2011-ci il mayın 6-da və 2012-ci il oktyabrın 5-də hicab aksiyaları keçirildi. 2012-ci il oktyabrın 5-də isə Təhsil Nazirliyinin qarşısında bir qrup dindar orta məktəblərdə şagirdlərin hicab taxmasına məhdudiyyət qoyulmasına etiraz aksiyası keçirməyə cəhd etdi. Bu zaman aksiyaçılarla polis arasında qarşıdurmada oldu. İkinci hicab aksiyasında 15, üçüncü hicab aksiyasında isə 36 dindar həbs olunaraq müxtəlif müddətlərə azadlıqdan məhrum olundular. Hicab qadağası ilə başlayan proseslərdə xeyli sayda dindar həbs olunaraq cəzalandırıldı. Bundan başqa ruhani Abgül Süleymanov, eləcə də İslam Partiyasının sədri Mövsüm Səmədov hələ də həbsdə saxlanılırlar”.
Zaur Məmmədovun sözlərinə görə, hicab aksiyalarında iştirakına görə, o da uzun müddətdir təqib olunur: “Əhalisinin əksər hissəsinin müsəlman olduğu Azərbaycanda hicaba qadağanın qoyulması qəribə şəraitdə baş verdi. Bu qadağa heç bir qanunla və ya yazılı sərəncamla müşayiət olunmadı. Təhsil naziri tərəfindən şifahi tərzdə verilən bir göstəriş, yerlərdə bütün məktəb rəhbərlərini hərəkətə gətirdi. İslamdan az-çox xəbəri olan istənilən şəxs bilir ki, müəyyən yaş həddindən sonra qızların baş örtüyündən istifadə etməsi və ya islam adətinə uyğun geyim forması seçməsi onun hüquqlarının nəinki məhdudlaşdırılması, əksinə təmin edilməsidir. Baş örtüklü şagirdlərin bir şifahi deyilmiş sözlə dərsə buraxılmaması isə inanclı insanlar kimi bizi də qəzəbləndirdi. Bu qadağaya etirazdan sonra isə uzun müddətdir təqib olunuruq. Aksiyada polis zorakılığına məruz qalmaq bir yana, sonrakı vaxtlarda da dəfələrlə evimizə polislər gəlib. Tutulmaq təhlükəsindən qurtarmaq üçün uzun müddət evlərimizdən kənarda, qohumların evində
gecələməli olduq. Ailə üzvlərimiz də uzun müddət davam edən həmin təqiblərin təsirindən psixoloji sarsıntı keçirib. Düzdür, biz həbsdən yaxa qurtara bilsək də, onlarla inanclı qardaşlarımız hələ də həbsdədir. Amma bu təzyiqlər bitməyib. Mitinqlərdə iştirak edən inanclı insanlara qarşı bu gün də müxtəlif formada təzyiqlər olduğu üçün səksəkə içərisində yaşayırıq”.
































































































