Penitensiar xidmətin cəzaçəkmə müəssisələrindəki xəstə məhbusların bəzisi səhhətlərindəki problemlərə baxmayaraq qurumun müalicə müəssisəsinə getməkdən imtina edir. Bu barədə Moderator.az saytını bilgiləndirən mənbənin sözlərinə görə, buna səbəb xəstəxananın vahid “razborka” məkanına çevrilməsidir: “Penitensiar Xidmətin xəstəxanası müalicə müəssisəsindən daha çox paytaxtın müxtəlif kalonlarından gələn məhbusların “razborka” məkanına çevrilib. Məhbuslar arasındakı bütün ziddiyyətlərə nəzarətçi zəifliyinin zəif olduğu bu məkanda aydınlıq gətirilir ki, bu da “razborka”da uduzan tərəfin istər fiziki, istərsə də mənəvi baxımdan alçaldılması ilə paralel müşahidə edilir. Məhz bu səbəbdən də bəzi məhbuslar mülaicəyə ehtiyac hiss etsələr də, hansısa qalmaqal və təzyiqlə üzləşməmək üçün “zon”da qalmağa üstünlük verirlər. Məhbusların sözlərinə görə, xəstəxananın nəzarətçilərindən tutmuş yüksək çinli rəhbərlərinə qədər bütün kontingent küçə qaydaları əsasında aparılan bu “razborka”lara nəinki göz yumur, hətta buna müəyyən maraqlar baxımından şərait yaradırlar. Məhbusların fikrincə, Penitensiar Xidmətə məxsus xəstəxanadakı bu özbaşınalıq aradan qalxmadığı müddətdə məlum müəsissənin müalicə imkanlarından faydalanmaq mümkünsüzdür”.






























































































