“Təzə bazar”ın təzə yeri, gəlib-getmir heç müştəri – REPORTAJ 

Hazırda oxunan: “Təzə bazar”ın təzə yeri, gəlib-getmir heç müştəri – REPORTAJ 

3741

“Təzə Bazar” kimi tanıdığımız köhnə bazarın qapıları artıq bir həftədir bağlanıb. Dərhal da ətrafında söz-söhbət yarandı ki, bazarın yerini alıb camaatı çöllərə töküblər, burada çoxmərtəbəli bina tikəcəklər.

Amma araşdırmalarımız zamanı belə məlum oldu ki, bazar müvəqqəti köçürülüb. İki ildən sonra “Təzə Bazar” köhnə yerinə qaytarılacaq.

Şəhərin mərkəzi hissəsində yerləşən bazarın müasir standartlara cavab vermədiyinə görə, yenidən tikilib düzəldiməsi qərara alınıb. Cəmi iki il sonra burada böyük çox profilli bazar fəaliyyətə başlayacaq.

Yəni, təkcə kənd təsrrüfatı malları deyil, yüngül, ağır sənaye istehaslı olan müxtəlif çeşidli malların satıldığı böyük ticarət mərkəzinə çevriləcək.

Bazarın müdriyyətindən aldığımız məlumata görə, icarədarları üç istiqamətdə müxtəlif yerlərdə yerləşdiriliblər. Bir hissəsi Nəsimi rayonu ərazisində "Eurohome" ticarət mərkəzində, keçmiş "Qarabağ" mehmanxanasının ərazisində, yerləşdirilib. Bura təxminən 80-ə yaxın icarədar köçürülüb.



İcarədarların bir qrupu "Təzə bazar"la üzbəüz fəaliyyət göstərən "Af Center" də yer alıb. Onlar əsasən inşaat malları satırlar.

Üçüncü ünvan isə  "AfcomPlaza"- dır. Bu mərkəz Ceyhun Hacıbəyli küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində, Plotnikov küçəsi 21-də, yerləşir. Təzə Bazar”ın 90% -i burada yerbəyer olub. 

Bizim.Media olaraq biz də yolumuzu 90% məskunlaşma olan yerdən saldıq. 

Bir zamanlar adam əlindən iynə atsan yerə düşməyən bazarın yeni ünvanında indi “qu desən, qulaq tutular”. Muzey eksponatları kimi sərgilənmiş mallarla dolu piştaxtaların qabağında bir adam yoxdu. Satıcılar işsizlikdən “milçək tuturlar”.  Satıcıların gözü yolda, qulaqları da səsdədirlər. 

Bazarda olduğumuz müddətdə hamı bir ağızdan müştərilərinin gəlmədiyini, alıcı qabiliyyətinin zəyif olduğundan şikayətləndilər. Satıcılar müştəri qıtlığının olmasının səbəbini bazarın yeni ünvana köçürülməsi ilə əlaqələndirirlər. Deyirlər ki, anidən bizi yığışdırıb bura atdılar, nə köhnə müştərimizə bir xəbər edə, nə təzəsini tovlaya bildik.

Bekarçılıqdan nərd vuran iki satıcı kişi bizə qayıtdı ki, müasir dünyada belə iş görməzlər axı:

- Gedib köhnə yerimizin qabağında duraq ki, ay camaat biz filan yerdəyik, ora gəlin. Bazarın böyükləri gərək bu işin qayğısına qalaydılar. Televizorda, saytda reklam verəydilər, ən azı çölə-bayıra bir reklam şiti vuraydılar da. 



Meyvə-tərəvəz satan Qəndab xala deyir ki, 20 ildən çoxdur bazarda işləyir. İndi müştəri kasadçılığından heç gündəlik çörək pulunu çıxara bilmir:

-Qızım səhərdən 1 manat yiyəsi olmamışam. Mən kirayədə yaşayıram. Bu gedişlə nə yer pulu,  nə də ev pulu vermək olmaz. Gözümüz yolda qalıb ki, görəsən bir nəfər gələcək?



30 ildir təzə bazarda balıq məhsulları satan İdrak Qafarov da yeni “Təzə bazar”dan həm razıdır, həm də narazı! Deyir ki, burada səliqəlidir, antisanitariya yoxdur, amma müştərisiz bunun nə mənası var, camaatın buranı tanımasına qədər bizimki bizə olar. 

-Əvvəlki “Təzə Bazar”da gündəlik  20-25 alıcı yola salırdıq. İndi bu qənd-təzə bazarda heç 2 nəfər də müştəri olmur. Bunun raklamını eləmək olardı axı.

Ədviyyat və çərəz məshulları satan Bilqeys xala da o fikirdədir. “Təzə Bazar”da 30 illik əməyi olan Bilqeyis xalanın köhnə “Təzə Bazar”la bağlı çoxlu xatirələri var:

-Səhər tezdən bilirdim ki, hansı müştərim gəlib məndən nə istəyəcək. Eləsi vardı ki, onunçün məxsusi mal qablayıb hazır saxlayırdım. İndi bura kimdir gələn? Mağaza əhval-ruhiyyəsi var ey burada. 
 



Ona görə də “Təzə Bazar”ın ticarətçiləri rəhbərliyə təklif edirlər ki, bazarın təzə ünvanı haqqında köhnə “Təzə Bazar”ın yaxınlığında  reklam bannerlər  quraşdırılsın. 

Müəssisənin inzibatçısı Ədalət Orucov səsləndirən təklifə biganə deyil. Deyir ki, imkan daxilində satıcıların hər biri üçün şərait yaratmışıq.

Rəhbərlik satıcılardan 2 aylıq dövlətin rüsumu olan yer pulunu da almayacaq:

-Tapşırıq verilib, tezliklə bir banner binanın üzərinə, biri Ceyhun Hacıbəyli, digəri isə Mirəli Qaşqay küçəsinə quraşdırılacaq.

Əvvəlki bazarda çoxlu müvəqqəti satıcılar olurdu, gələn-gedən, öz malını gətirən, onlar üçün burada yer nəzərdə tutulmayıb. Burada bazarla müqavilə bağlayan icarədarları yerləşdirmişik.

Bazar nəzarətçisi ilə həmsöhbət olan zaman “Mən şəhid ailəsiyəm, Ədalət müəllim, xahiş edirəm mənim yerimi düzəldin”- deyib bir xanım bizə yaxınlaşır. Xanımın sözlərindən belə aydın olur ki, ona verilən yerdən narazıdır.



Bu şikayətə bazar nəzarətçisi Ədalət Orucov aydınlıq gətirərək deyir ki, bu bina bazar üçün nəzərdə tutulmayıb. Biz müəyyən müddət burada yerləşəcəyik. 2 ildən sonra yenidən öz ərazimizə qayıdacağıq. Satıcılar bəzi yerləri ona görə istəmirlər ki, oradan sanitar qovşaqlar keçir. İndi binanın inzibatçısı ilə danışaram o xanımın da problemini həll edərik.

Aydın olur ki, xanım yeyəcək-içəcək qidalar satdığı üçün o cür yerdə fəaliyyət göstərmək istəmir.

Yenicə şikayətçi xanımdan uzaqlaşmışdıq ki, başqa satıcı bizə yaxınlaşdı və “Arabaçılar qiyməti qaldırıb, ay Ədalət müəllim, 5 manat ediblər, bir çarə qılın!”- dedi.

Ədalət Orucov yanındakı oğlana  tapşırıq verir ki, arabaçılar qiyməti yükü çox olanları 2 manat, az olanları 1 manata endirsinlər. 

Saata baxıram, artıq vaxt günortanı keçib. Ədalət müəllimlə sağollaşıb ayrılıram, satıcıların müştəri axtaran baxışları altında yeni məkanın qapısına üz tuturam. Tam çıxacaqda əyləşən satıcıya yaxınlaşıram: 

-Xala darçın neçəyədir? 

-1 manatdır, ya siftə!

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin