Həyat yoldaşını güllələyərək öldürməkdə təqsirləndirilən Sabunçu rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesində şahidlər dindirilib.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən Sabunçu RPİ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Yasin Umudov "102 Qaynar Xətti"ndən hadisə ilə bağlı Növbətçi Hissəyə məlumat verildikdən sonra hadisə yerinə getdiyini deyib:
"Əvvəlcə "102"-ə məlumat verən nömrəyə zəng etdim. Telefona Fəqan Əhmədov özü cavab verdi. Dedi ki, "yoldaşımı öldürmüşəm". Mən hadisə yerinə çatanda gördüm ki, 42-ci Polis Bölməsinin əməkdaşları oradadır.
MÖVZU İLƏ BAĞLI:
Bakıda arvadını öldürən hakimin məhkəməsi başladı
Fəqan müəllimin davranışlarından sərxoş vəziyyətdə olduğu görünürdü. Ağzından spirtli içki iyi gəlirdi. Fəqan müəllimdən hadisənin necə baş verdiyini soruşdum. Zarafatla silahı götürüb qorxutmaq məqsədi ilə arvadına tuşladığını dedi.
Elə bilib silahın qoruyucusu bağlıdır. Səhvən atəş açdığını dedi. Mən içəri girəndə Fəqan Əhmədovun arvadı divanda oturaqlı vəziyyətdə idi, güllə ürək nahiyəsindən dəymişdi.
Orada dedilər ki, Fəqan bəy hadisədən sonra çıxıb bir güllə də özünə vurmaq istəyib. Amma uşaqları gözünün qabağına gəlib, havaya atəş açıb. Fəqan müəllim dedi ki, içki içdiyinə görə arabir həyat yoldaşı ilə mübahisələri olurmuş".
Daha sonra Sabunçu RPİ 42-ci Polis Bölməsinin sahə rəisi Ülfət İskəndərov ifadə verib. O, hadisədən 15 dəqiqə sonra Fəqan Əhmədovun evinə çatdığını bildirib:
"Həmin gün əməliyyat qrupunun rəhbəri idim. Növbətçi hissəyə gələn zəng əsasında hadisə yerinə getdim. Sahə rəisi olduğum üçün Fəqan müəllimi tanıyırdım. Görəndə çox həyacanlı idi, hadisədən sonra peşman görünürdü.
Bu günədək həyat yoldaşı ilə aralarında mübahisə olduğunu eşitməmişdim. Amma Fəqan müəllim dedi ki, spirtli içki qəbul etdiyi üçün arvadı ilə problemlər yaşayırmış. Həmin vaxt da Fəqan Əhmədovun içkili vəziyyətdə olduğu açıq-aşkar bilinirdi".
Daha sonra hadisənin yeganə şahidi, Fəqan Əhmədovun 14 yaşlı oğlu dindirilməsi üçün məhkəmə zalına çağırılıb. Hakim ona hüquqlarını izah edib və ifadə verməkdən imtina etmək hüququ olduğunu bildirib. F.Əhmədovun oğlu məhkəmədə ifadə vermək istəməyib. O, istintaq zamanı verdiyi ifadəsini təsdiq edib.
Növbəti məhkəmə prosesi sentyabrın 30-da keçiriləcək.
Xatırladaq ki, daha əvvəl keçirilən məhkəmə prosesində çıxış edən Fəqan Əhmədovun həyat yoldaşının valideynləri hadisənin bədbəxt hadisə baş verdiyini və ondan şikayətçi olmadıqlarını bildiriblər.
Bizim.Media