Xəbər verildiyi kimi, Kürdəmir rayonunda qətl hadisəsi olub. Rayonun Ü.Hacıbəyov küçəsində qeydə alınan olayda aralarında yaranan ailə münaqişəsi zəmnində qardaş, Xəyal Təbriz oğlu Şıxəliyev bacısı 35 yaşlı Dilarə Təbriz qızı Nəsirovaya çoxlu sayda bıçaq xəsarəti yetirib.
Ağır xəsarətlər alan yaralını Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.
Kürdəmir rayon bələdiyyə sədri Nizami Qəribov Bizim.Media-ya açıqlamasında olayın təfərrüatlarını danışıb:
“Qızı iki qonşu öldürüb. O ailəni yaxından tanımıram. Bildiyim odur ki, qız ailəli olub, sonra başqasına ərə gedib. Bilmirsiz ki, həmişə ölənin təqsiri çox olur?”, - deyə Nizami Qəribov koronavirusa yoluxduğunu əsas gətirərək daha danışa bilmədiyini deyib. Bizi isə müavini Məzahir Qasımova yönləndirib.
MÖVZU İLƏ BAĞLI:
Kürdəmirdə qardaş bacısını öldürdü
Məzahir Qasımov isə saytımıza cinayəti törədən və öldürülən xanım barədə ətraflı məlumatlara sahib olmadığını bildirib.
Qurum rəsmisi sadəcə ölən qadının hadisə baş verən evdə kirayədə yaşadığını deməklə kifayətlənib.
Qeyd edək ki, qətlə yetirilən Dilarə Nəsirovanın meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.
Alçina Amilqızı, Bizim.Media