Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında pişik qalmaqalı - MƏHKƏMƏDƏ

Hazırda oxunan: Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında pişik qalmaqalı - MƏHKƏMƏDƏ

37092

Pişiklərin cütləşdirilməsi qonşular arasında böyük qalmaqala səbəb olub. Narazılıq artıq məhkəmə salonlarına qədər uzanıb. Sentyabrın 20-si saat 12-də Gəncə şəhəri Nizami rayon məhkəməsində jurnalist Ülviyyə Alovlu və bloger Bəxtiyar Hacıyevin arasında qalmaqal yaradan məsələyə baxılacaq.

Ülviyyə Alovlu Bizim.Media-ya baş vermiş qalmaqalın təfərrüatlarını danışıb: 

“Hər ikimizin pişiyi olduğuna görə, onları cütləşdirmək qərarına gəldik. Onun pişiyi adi çöl pişiyidir, mənimki isə Böyük Britaniya cinsidir. Qayda belədir ki, cütləşmə olanda balanın biri erkək pişiyin sahibinə verilir. Pişik saxlayanlar bunu yaxşı bilir. Ay yarımlıq olanda balanın birini mənə verməli idi. Məni gözlətdi, amma balanı vermədi. Zarafatca ona dedim ki, balanı verməsən, status yazacam ki, başqa vaxt haqq-ədalətdən danışan Bəxtiyar Hacıyev pişik məsələsinə adil ola bilmədi.
 

O isə bütün ətrafıma zəng edərək, dedi ki, Ülviyyə məni şantaj edir. Mən onun hərəkətindən şoka düşdüm, həmin gün status yazdım ki, sənə halal eləmirəm, balalar sənə qalsın, haqq mənə”.


Jurnalistin sözlərinə görə, statusdan hirslənən Bəxtiyar Hacıyev polisə şikayət edib: 

“Sonra isə evimə gəlib, qapımı döyərək, qışqırmağa, məni təhqir etməyə, söyüş söyməyə başladı. Mən isə səsimi çıxarmadım ki, qonşulardan ayıbdır. Çıxdı getdi, bir az sonra yenidən gəldi. Mən də polisə müraciət etdim. Sahə müvəkili gəlib, izahat aldı. Ona da zəng edib, dedi ki, buralara gəlməsin. Amma o yenə də gəlir, hücum edir”.

Ülviyyə Alovlu Bəxtiyar Hacıyevin təzyiqlərinə təkcə özünün deyil, ailə üzvlərinin də məruz qaldığını deyir:

“Bu gün bacımın iş yerini tapıb, məktəbə hücum edib. İki aya yaxındır ki, onun terroru ilə üz-üzəyik. Anasına-atasına da şikayət etmişəm, onların da sözü keçməyib ona. İndi də mənə şər atır ki, guya mən ona xidmət təklif edərək pul istəmişəm. Razılaşmadığı üçün demişəm ki, gedib dövlət qurumlarına xidmət göstərəcəm. Yəni pişik söhbəti artıq siyasiləşib. Bilmirəm bunları xaricdən qrant almaq üçün, yoxsa insanların gözündən tamam düşməmək üçün edir, amma bu konkret olaraq qadına qarşı zorakılıqıdır. Bəxtiyar Hacıyev bilə-bilə ki, mən tək yaşayıram, evimə hücum çəkir. Belə başa düşürəm ki, mənim, bacımın, anamın həyatı təhlükədədir. Cinayət hadisələri belə xırda məsələlərdən başlamırmı...”
 

Jurnalist prosesə Gəncə məhkəməsində baxılması məsələsinə də aydınlıq gətirib. Bildirib ki, Bəxtiyar Hacıyevin qeydiyyat ünvanı Gəncədə olduğu üçün şikayəti ora ünvanlamalı olub.

 
Məsələ ilə bağlı Bəxtiyar Hacıyevlə əlaqə saxlasaq da o, bu barədə danışmaq istəmədiyini bildirib. 

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin