Milli Məclisinin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanununda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə edilib.
Moderator.az-ın verdiyi xəbərə görə, millət vəkili Fuad Muradov bildirib ki, artıq hüquqi şəxslərin dövlət qeydiyyatı asanlaşdırılmalıdır. Onun sözlərinə görə, buna səbəb belə şəxslərin yoxlanılmasında yaradılan asanlıqlardır: “Bu gün artıq texnologiyalar vasitəsilə istənilən şirkəti və istənilən hüquqi şəxsi yoxlamaq mümkündür. Ona görə də düşünürəm ki, bu səbəbdən hüquqi şəxslərin qeydiyyatı asanlaşdırılmalıdır”.
Millət vəkili deyib ki, illərlə Azərbaycanda fəaliyyət göstərən şirkətləri qeydə almırlar: “Sanki bu şirkətlər Azərbaycanda kəşfiyyat aparacaqlar, sanki onlar terrorçudur. Bu gün yüzlərlə gənclər təşkilatı qeydiyyata alınmır”.
Deputat Zahid Oruc bildirib ki, bu qanun layihəsi qəbul edilsə, ölkədə üçüncü sektorun inkişafına təkan verəcək: “Təklif edirəm ki, Ədliyyə Nazirliyinin əməkdaşlarını Milli Məclisə dəvət edək və bununla bağlı onlar bizə fikirlərini bildirsinlər. Bəlkə həqiqətən elə şeylər var ki, biz onları bilmirik”.
Millət vəkili Aqil Abbas isə deyib ki, bu gün Azərbaycanda istənilən adamın qəzet, siyasi partiya və ya qeyri-hökumət təşkilatı yaratması da düzgün deyil: “Ədliyyə Nazirliyi də bir araşdırmalı, baxmalıdır ki, qeydiyyatdan keçən təşkilat kimdir, nəçidir. Yerindən duran təşkilatı, qəzeti qeydə almaq da düzgün deyil”.
Deputat Qüdrət Həsənquliyev qeyd edib ki, hər bir Azərbaycan vətəndaşının hüquqi şəxs olmaq və təşkilat qeydə aldırmaq hüquqi var: “Bu gün ədliyyə sistemində olan vəziyyət lap biabırçılıqdır. Əgər ədliyyə naziri kimisə yoxlamalıdırsa, qoy bu sənədlər Milli Təhlükəsizlik Nazirliyindən keçsin, onlar qeydə alınacaq təşkilat və qurum haqqında rəy versinlər”.
Vitse-spiker Ziyafət Əsgərov isə Qüdrət Həsənquliyevin sözünü kəsərək, ona qanunla bağlı danışmağı və təkliflər verməyi məsləhət görüb. O, millət vəkilinin çıxışının böhtan və yalan olduğunu, bu qanun layihəsinin də kommersiya təşkilatlarının qeydiyyatı ilə bağlı olduğunu vurğulayıb.
Sonda millət vəkilləri Mülki Məcəllədə və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihələrini qəbul ediblər.































































































