3 hərbçi Prezidentə söz verdi - ÖZƏL VİDEO

Hazırda oxunan: 3 hərbçi Prezidentə söz verdi - ÖZƏL VİDEO

37053

Hərbi xidmət əleyhinə cinayət törətməkdə təqsirli bilinən daha 3 hərbi qulluqçu bağışlanıb.

Bu barədə Bizim.Media-ya cinayət işlərinə xitam verilən hərbçilərin özləri məlumat veriblər.
 

MÖVZU İLƏ BAĞLI:

Cinayət işlərinə xitam verilən hərbçilərdən İlham Əliyevə Müraciət - ÖZƏL VİDEO


Redaksiyamıza ünvanladıqları videomüraciətlərində öz səhvlərini etiraf edən hərbi qulluqçular bir daha özbaşına hərbi hissəni tərk etməyəcəklərinə və nümunəvi xidmət aparacaqlarına söz veriblər.

Cinayət təqibinə son verilən hərbçilər bağışlandıqları üçün ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını çatdırıblar. 

1985-ci ildə Şamaxıda anadan olan, leytenant rütbəsi ilə 2008-ci ildən ordu sıralarına qatılan Elmir Təbiət oğlu Abdullayev bundan sonra da Vətəni üçün canını əsirgəməyəcəyinə söz verib:

“2016-cı ildə düşmənin hücum etdiyi Tərtər rayonundakı əməliyyatlarda və 44 günlük Vətən savaşında Füzuli, Cəbraıl, Qubadlı, Zəngilan, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Ölkə başçısı İlham Əliyev tərəfindən II Qarabağ savaşındakı şücaətimə görə 7 medalla təltif edilmişəm. Hərbi hissəni özbaşına tərk etdiyim üçün barəmdə cinayət işi açılmışdı. İşə xitam verilməsinə görə cənab Ali Baş Komandana təşəkkürümü bildirirəm. Allah sizi qorusun və can sağlığı versin. Vətənin bütün növdə müdafiəsinə qalxacağıma, yanında dayanacağıma söz verirəm. Cinayət təqibinə son verilməsində mənə köməklik göstərən Baş prokurora və Hərbi prokurora da ayrıca minnətdaram”. 

Saqif Vaqif oğlu Səbiyev 44 günlük Vətən müharibəsində Kəlbəcər istiqamətində gedən döyüşlərin qəhrəmanıdır.



Dediyinə görə şəxsi problemi ilə əlaqədar qulluq yerini özbaşına tərk edib:

“Hərbi Prokurorluq döyüşlərdə iştirakımı nəzərə alaraq barəmdə aparılan cinayət işinə son verib. Cənab Baş Komandan mənimlə bağlı verilən müsbət qərara görə sizə, Baş Prokurorluğa və Hərbi Prokurorluğa təşəkkürlərimi bildirirəm. Əmin edirəm ki, bundan sonrakı xidmətimi qüsursuz yerinə yetirəcəyəm və verilən əmrləri icra etməyə hazır olacağam”. 

Qəbələdə dünyaya göz açan və 2020-ci ilin mayından hərbi xidmətdə olan Orxan Telman oğlu Rəfizadə olduğu hərbi hissəni 3 mart - 5 may tarixlərində məcbur tərk etdiyini deyir.
 

27 sentyabr - 10 noyabr tarixlərində işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşan Orxan Rəfizadə Füzuli, Xocavənd və Cəbrayılın azad olunmasına görə medallarla təltif olunub: 

“Cinayət təqibimə xitam verildiyi üçün ilk olaraq İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə və Hərbi prokuror Xanlar Vəliyevə öz təşəkkürümü bildirirəm. Bir daha belə halların baş verməyəcəyinə və xidmətimi uğurla başa çatdıracağıma söz verirəm”.

Alçina Amilqızı, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin