"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İmişli rayon mərkəzinin direktoru Barat Xəlilov rəhbərlik etdiyi idarəni bazara çevirib."
Bu barədə bir qrup İmişli rayon sakininin Avropa.info-ya etdiyi müraciətdə bildirilir. Müraciətdə yardıma ehtiyacı olan insanların yardımdan kənarda qaldıqları, əvəzində varlı şəxslərin Barat Xəlilovun tapşırığı əsasında ünvanlı sosial yardım aldıqları deyilir. "Ehtiyacı olmayanlar, 40-50 min manatlıq xarici maşınlarda gəzənlər bu yardımdan mərkəzinin direktoru Barat Xəlilovun köməkliyi ilə yararlanırlar. Belə ki, mərkəzdə Barat Xəlilovun ştatdankənar işçiləri var ki, imkanlı şəxslərlə anlaşaraq, onların 400-500 azn-ə saxta sənədləşmə apararaq ünvanlı yardım almasına sərait yaradırlar.Nazirlik tərəfindən yoxlamalar aparılarsa məlum olar ki ,ünvanlı sosial yardım alanların 90 faizi idarə və müəssisə təşkilatılarında çalışan ınsanlardır ki ,bunların da əksəriyyəti öz işlədiyi yeri gizlədərək ƏƏSMN-nin imişli rayon məşqulluq şöbəsindən işləmədikləri haqda saxta arayış alırlar. Nazirlikdə yeni kadr dəyişikliyi olandan sonra çoxlu sayda insan Barat Xəlilovun qəbulunda olub. Ona bildirmişik ki problem həll olunmasa yeni nazir Səlim Müslümova şikayət edəcəyik. O, isə bildirirdi ki, kimə istəyiriksə şikayət edə bilərik"
Qeyd edək ki, bir neçə gün öncə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yayılan açıqlamada ünvanlı sosial yardımla bağlı yaranan problemlərin həll ediləcəyi və vətəndaşlara bu tipli problemlər yaşadan məmurların cəzalandırılacağı bildirilirdi. Lakin bir neçə gün ərzində İmişli rayon ƏƏSMM-nin direktoru Barat Xəlilov haqqında artıq ikinci şikayət ərizəsinin daxil olması və adı çəkilən məmur haqqında heç bir ölçü götürülməməsi, bu haqda bəyanatların nə qədər səmimi olması haqqında düşünməyə əsas verir.
Xatırladaq ki, bir neçə gün öncə Avropa.info-ya İmişli şəhəri T. İsmayılov küçəsi bina 14 mənzil 7-də yaşayan Həsənova Pərvanə Vaqif qızı tərəfindən şikayət məktubu daxil olmuşdu. Şikayət məktubunda Pərvanə Həsənova üç azyaşlı uşaq anası olduğunu, heç bir yerdə işləmədiyini , İmişli rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Barat Xəlilovun ona ünvanlı sosial yardım vermədiyini bildirirdi.
































































































