Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında partiyanın Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyuşovun geniş ictimai qınağa səbəb olmuş hərəkəti ilə bağlı məsələ müzakirə olunub.
Bu barədə Bizim.Media-ya partiyadan məlumat verilib. Bildirilib ki, məsələ ilə bağlı İdarə Heyətinin üzvlərindən Azər Badamov, Elmar Qasımov, Hikmət Məmmədov, Musa Quliyev, Bayram Aslanov, Bahar Muradova, Tafiq Cahangirov, Eldar İbrahimov, Anar İsgəndərov və Rəşad Mahmudov çıxış edərək qeyd ediblər ki, sosial şəbəkələrdə yayılmış videogörüntülərdə Ramiz Göyüşovun etikadan kənar, əxlaqa zidd hərəkəti YAP üzvləri tərəfindən dərin təəssüf hissi ilə qarşılanıb, eyni zamanda cəmiyyətimizdə hiddətlə qınanılıb.
Bildirilib ki, onun Azərbaycan ziyalısı adına layiq olmayan, qeyri-etik, milli-mənəvi dəyərlərdən uzaq davranışı yolverilməzdir.
Ramiz Göyüşov bu qeyri-etik davranışı ilə partiyanın nüfuzuna xələl gətirdiyinə görə partiya sıralarından xaric edilməlidir.
İdarə Heyəti edilən çıxışlarda səslənən fikirləri və irəli sürülən təklifləri nəzərə alaraq Ramiz Göyüşovun YAP sıralarından xaric olunması barədə yekdil qərar qəbul edib.
Bizim.Media