Koronavirus pandemiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə aparılan genişmiqyaslı vaksinasiya prosesinə qarşı yönəlmiş qanunsuz əməllərə qarşı prokurorluq orqanları tərəfindən kompleks mübarizə tədbirləri davam etdirilir.
Goranboy Rayon Prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, Goranboy rayon Mərkəzi Xəstəxanasında avqustun 24-də koronavirus xəstəliyi əleyhinə aparılmış vaksinasiya prosesi zamanı qanunsuzluqlara yol verilməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda peyvəndi israf edən tibb bacısı CƏZALANDI
Araşdırma zamanı Goranboy RMX PHŞ-də tibb qeydiyyatçıları Gülşad Əliyeva və Ayşən Qəhrəmanovanın vaksinasiyanın həyata keçirilməsi ilə bağlı onlara həvalə edilmiş qulluq səlahiyyətlərindən istifadə etməklə tamah niyyəti ilə “e-təbib” informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq hərəkətləri həyata keçirilir.
Bizim.Media