Milli Şuranın Beynəlxalq münasibətlər komissiyasının sədri, sabiq deputat Gültəkin Hacıbəyliyə qarşı üçüncü məhkəmə çəkişməsi davam edir. Yasamal Rayon Məhkəməsinə Gültəkin Hacıbəylinin doqquz il öncə ayrıldığı keçmiş həyat yoldaşı Mahmud Mehdiyev və ailəsinin iddiası daxil olub. Mehdiyevlər Hacıbəylinin onların şərəf və ləyaqətlərini alçaltdığını iddia edirlər.
G.Hacıbəylinin vəkili Bəhruz Bayramov “Yeni Müsavat”a müvəkkili haqda məhkəmə təqiblərindən danışıb.
“Qarşı tərəf xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib ki, guya Gültəkin Hacıbəyli onun və bacısının şərəf və ləyaqətini təhqir edib. Amma məhkəməyə təqdim edilən şikayətdə Gültəkin xanımın onları hansı ağır cinayətdə suçlaması, şərəf və ləyaqətlərini alçaldan hansı ifadələri söyləməsi və yayması göstərilməyib. Bildiyimiz kimi, bir qədər əvvəl DİN-in saytında xüsusi ittihamçının bacısı Aynur Mehdiyevanın əcnəbi qadını məcburi əməyə cəlb etməsi haqda məlumat yer alıb. Həmin informasiya KİV-də yayılıb. Gültəkin xanım da həmin informasiya haqda açıqlama verib” - deyə vəkil bildirib.
Onun sözlərinə görə, qarşı tərəfin xüsusi ittiham qaydasında məhkəməyə təqdim etdiyi şikayət Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun yazılmayıb: “Buna baxmayaraq, Yasamal Rayon Məhkəməsi həmin ərizəni icraata götürdü və məhkəmə istintaqına başladı. Mahmud Mehdiyev 17 may 2013-cü ildə mətbuat konfransı keçirərək Gültəkin Hacıbəylini ağır və xüsusilə ağır cinayət törətməkdə ittiham etdi. Dedi ki, Gültəkin Hacıbəyli o vaxtki icra başçısından hədə-qorxu ilə pul tələb edib. Bu, Cinayət Məcəlləsinin 311.3.1 (passiv rüşvətxorluq), 182.2.3-cü (hədə qorxu ilə pul tələb etmə) maddələri ilə nəzərdə tutulan cinayətdə ittiham etmədir. Göründüyü kimi, bu məsələdə ağır cinayətdə ittiham edilən tərəf Gültəkin xanımdır. Eyni zamanda Mahmud Mehdiyev Gültəkin xanımı siyasi əxlaqsız da adlandırıb. Bu, şərəf və ləyaqətin açıq formada təhqir edilməsidir. Biz Mahmud Mehdiyevin mətbuatda olan bu çıxışlarını götürüb barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət ünvanladıq və məsuliyyətə cəlb edilməsini tələb etdik. Məhkəmənin hazırlıq iclasında heç bir əsas olmadan müraciətimiz qəbul olunmadı və bu qərarın qəbul edilməməsi heç nə ilə əsaslandırılmadı. Biz bu qərardan şikayət edəcəyik. Müraciətimiz sübutlar və faktlara söykəndiyi halda rədd edilsə də, qarşı tərəfin heç bir əsası olmayan, sübutlara söykənməyən xüsusi ittiham qaydasında müraciəti isə dərhal icraata qəbul edilib”.
Vəkil deyir ki, G.Hacıbəyliyə münasibətdə məhkəmələrin tutduğu mövqe konstitusiya birbaşa ziddir: “Baş verənlər Gültəkin xanıma qarşı siyasi təqibdən başqa bir şey. Məhkəmə qarşı tərəfə bir, Gültəkin xanıma isə tamam başqa münasibət sərgiləyir”.
Vəkil müvəkkili haqda ittihamedici hökmün çıxarılacağına şübhə etmir: “Baş verənlərdən sonra 100 faiz əminəm ki, Gültəkin Hacıbəylinin heç bir günahı olmadığı halda barəsində ittihamedici hökm veriləcək. Artıq mən məhkəmənin ədalətli və obyektiv olacağına inanmıram”.
M.Mehdiyevin G.Hacıbəyliyə qarşı şikayəti üzrə iclas 14 noyabr 17:00-da Yasamal Rayon Məhkəməsində davam etdiriləcək.
Qeyd edək ki, 24 sentyabr 2013-cü ildə Yasamal Rayon Məhkəməsinin icraatına Mehdiyev Mahmud Lətif oğlunun və onun bacısı Mehdiyeva Aynur Lətif qızının Gültəkin Hacıbəylinin CM-in 147.1 və 147.2-ci maddələri ilə cinayət işi başlamaqla cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasına dair xüsusi ittiham qaydasında şikayətləri daxil olub. Mehdiyevlər məhkəmədən Gültəkin Hacıbəylinin həbsini tələb edirlər. Məhkəmə zəruri sənədlərin Gültəkin xanıma çatdırmadığı, o cümlədən hüquq və vəzifələri haqda bildiriş belə təqdim etmədiyi səbəbindən hazırlıq iclası təxirə salınıb.
İddianın mahiyyətinə gəlincə, 13.06.2013-cü ildə DİN-in rəsmi saytı İnsan Alverinə Qarşı Mübarizə və Baş Pasport, Qeydiyyat və Miqrasiya idarələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Aynur Mehdiyevanın BƏƏ-nin Dubay şəhərindən Filippin vətəndaşını dayə qismində dəvət etməsi, ona fərdi iş icazəsi almadan şəxsiyyətini təsdiq edən sənədini götürərək zor tətbiq etməklə bir ildən artıq müddətə əməyini istismar etməsi faktını müəyyən etməsi barədə məlumat yaymışdı. O zaman bir çox iqtidaryönlü KIV-lər Aynur Mehdiyevanın tutulması, saxlanması xəbərini “Filippinli qadını evində zor gücünə işlədən Bakı sakini tutuldu”, “Bakıda Filippin vətəndaşını qul kimi işlədən qadın saxlanıldı” başlıqları ilə manşetə çıxarmışdılar. Mehdiyevlər Aynur Mehdiyevanın tutulması və saxlanması faktını yayan və ilkin mənbə rolunda çıxış edən KIV əvəzinə bu faktı öz müsahibəsində iki ay sonra xatırladan G.Hacıbəylini məhkəməyə veriblər.
































































































