Ədliyyə Nazirliyinin Penitensiar Xidməti həbsxanada koronavirusdan vəfat edən Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev ilə bağlı açıqlama yayıb.
Bizim.Media xəbər verir ki, məlumatda deyilir:
Gəncə Ağır Cinayətlər Məhkəməsinin 02.08.2021-ci il tarixli hökmü ilə vəzifə cinayətlərinə görə 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu sentyabrın 8-də müalicə aldığı xəstəxanada vəfat edib.
MÖVZU İLƏ BAĞLI:
Həbsdə olan sabiq icra başçısı vəfat etdi - FOTO
Qeyd olunur ki, son günlər N.Quliyevin bədən hərarətinin 37.1-37.4C0 olması səbəbindən zəruri instrumental müayinələrə cəlb edilib, o cümlədən koronavirus infeksiyasına qarşı testlərdən keçirilib və nəticəsi neqativ olsa belə profilaktik müalicə alıb.
Sentyabrın 7-də N.Quliyev səhhəti qəflətən pisləşdiyindən kompüter tomoqrafiya müayinəsindən keçirilib və ağciyərlərində viral pnevmoniya əlamətləri (“buzlu şüşə”) aşkar olunaraq “COVID-19 infeksiyasına yoluxma” diaqnozu təyin edilib və o, Təcili Tibbi Yardım briqadası tərəfindən Gəncə şəhər modul tipli xəstəxanaya yerləşdirilib.
Aparılan bütün zəruri intensiv müalicə tədbirlərinə baxmayaraq arterial hipertoniya, xroniki ürək xəstəlikləri, şəkərli diabet və alimentar piylənmədən əziyyət çəkən 1954-cü il təvəllüdlü N.Quliyev orada vəfat edib.
Bizim.Media