Narın ucuz olmasının səbəbi bəlli oldu

Hazırda oxunan: Narın ucuz olmasının səbəbi bəlli oldu

36026

Bu il narçılıqla məşğul olan kəndlilər xeyli ziyana düşüblər. Buna səbəb məhsulun xarici ölkələrə ixracına qoyulan məhdudiyyətlərdir.

Nar təsərrüfatında yayılan göbələk xəstəliyinə görə xarici ölkələr Azərbaycandan məhsulun daxil olmasına icazə vermirlər. Fermerlər də məcbur olub məhsulu daxili bazara ucuz qiymətə yönəldiblər. Hazırda narın ucuz olmasının əsas səbəblərindən biri də məhz budur.

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov «Bizim Yol»a bildirib ki, azərbaycanlı fermerlər narı, əsasən, Rusiya bazarına ixrac edir. Onun sözlərinə görə, yayılmış göbələk xəstəliyinə görə narı Rusiyada satmaq mümkün deyil: «Xəstəlik, məhsulun görkəmində də hiss olunur. Əgər onu emala göndərərlərsə, narın şirəsinin də ixracı problemə çevriləcək. Çünki narın qabığından göbələyi götürmək çətindir».
Ekspert yayılmış xəstəiyin insan orqanizmi üçün ciddi fəsad örətmədiyini bildirib: «Sadəcə olaraq, ixracda ona görə məhdudiyyətlər qoyublar ki, həmin ölkənin məhsullarının arasında yayılmasın».
Xəstəliyin yaranma səbəbinə gəlincə, V.Məhərrəmov bunu narçılıq təsərrüfatlarına düzgün qulluq olunmaması ilə əlaqələndirir: «Torpaqda istənilən göbələk var. Azacıq mühit yarananda, xüsusilə bitki zəifləyəndə yoluxma baş verir. Lakin yaxşı qidalananda ətraf mühitə, o cümlədən biotik stresslərə qarşı dözümlü olur. Baxmayaraq ki, narçılığın inkişafı ilə bağlı söz-söhbətlər gedir, reallıqda fermerlərin hələ də problemləri var. Əgər torpaq elementlərlə kifayət qədər təmin olunarsa, o da bitkini lazımi maddələrlə təmin edə bilər. Təəssüf ki, bu günün ən böyük problemi torpağa qayğının olmamasıdır».
Mütəxəssis kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Göbələk xəstəliyinin qarşısını almaq üçün mübarizə tədbirlərinin həyata keçirilməsinin vacibliyini bildirir: «Amma qarşısını almaq çətin olacaq. Çünki uzun müddətdir ki, eyni yerdə narın yetişdirilməsi ilə məşğul olurlar. Xəstəliyin qarşısını almaq üçün bağlar sıradan çıxarılmalı, yeni bağlar salınmalıdır. Əks təqdirdə, gələcəkdə məhsuldarlığa ciddi zərbə dəyə bilər».
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin