Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində iki Azərbaycan vətəndaşı saxlanılaraq məsuliyyətə cəlb olunub.
Bizim.Media DTX-nın saytına istinadən xəbər verir ki, istintaqla Azərbaycan vətəndaşları - 1980-ci il təvəllüdlü Cumayev Mənsur Məmmədəli oğlunun və 1971-ci il təvəllüdlü Cahangirov Nəsir Qaçay oğlunun ölkə hüdudlarından kənarda, getdikləri dövlətin və Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etdikləri müəyyən edilib.
MÖVZU İLƏ BAĞLI:
DTX və DİN işğaldan azad edilən ərazidə əməliyyat keçirdi
Mənsur Cumayev və Nəsir Cahangirov qanunsuz silahlı birləşməyə qoşulmaq məqsədilə 2011-ci ildə ölkəni tərk edərək qeyri-leqal yolla xarici dövlətin ərazisinə keçməklə orada fəaliyyət göstərən “Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi cinayətkar birliyə daxil olaraq həmin silahlı qruplaşmanın tərkibində döyüş təlimlərində və əməliyyatlarında iştirak ediblər.
Faktla bağlı Mənsur Cumayev və Nəsir Cahangirov Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunmuş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bizim.Media