Bakı Ağır Cinayətlər Məhkəməsində 42 nəfərə qarşı dələduzluqda və pul mənimsəmədə təqsirləndirilən “Daniz Travel” MMC-nin direktoru Azadə Səfərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm oxunub. Hökmə əsasən Azadə Səfərova 9 il müddətinə azadlıqdan məhrum edilib.
Azadə Səfərova “Daniz Travel” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru olub.
Onun qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər əsasında cinayət işi başlanıb.
İstintaqla Azadə Səfərovanın öz qulluq mövqeyindən istifadə edərək Türkiyə Respublikasına tətilə göndərmək adı ilə ayrı-ayrı şəxslərin pul vəsaitlərini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etməsinə, bu qanunsuz hərəkətləri ilə ona etibar olunmuş 1 milyon 525 min manat məbləğində özgə əmlakını təkrarən xeyli miqdarda mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
A.Səfərova Cinayət Məcəllənin 179.2 (mənimsəmə və ya israf etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla təkrar törədildikdə) və 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham edilib.
İstintaq zamanı A.Səfərova zərərçəkmişlərin bir qisminin zərərini ödəyib. (musavat)
Bizim.Media