Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumatına görə, dünyada hər il 800.000 nəfər intihar edərək həyatına son verir. Statistikaya görə hər 40 saniyədən bir insan intihar edir. Son zamanlar isə intihar yaşının cavanlaşması həyacan təbilinin çalınmasına səbəb olub.
Azərbaycanda da son statistik məlumatlar da ürək açan deyil. Təkcə sentyabrın 3- 6-sı aralığında 4 gənc intihar edib.
- Ağcabədi rayonu 17 yaşlı Aqşin Əliyev özünü kanala ataraq intihar edib.
- Bərdə rayonu 20 yaşlı Məhəmməd Hüseynov yaşadığı özünü ağacdan asaraq həyatına son verib.
- Ağdaş rayonu 15 yaşlı Arifə Niftəliyeva və 13 yaşlı Fatimə Usubova özlərini çayda ataraq intihar ediblər. Hazırda dünyada intiharlar qlobal xarakter daşıyır.
Psixoloq Fərqanə Mehmanqızı Bizim.Media-ya açıqlamasında bildirib ki, yeniyetmələr arasında intiharlar əsasən valideynləri ilə kontakt qura bilməməsindən yaranır.
MÖVZU İLƏ BAĞLI:
Bu il Azərbaycanda neçə nəfər intihar edib? - VİDEO
“Statistikaya görə, yeniyetmələrin intiharı əsasən Ali məktəbə qəbul haqqında çıxan cavablardan sonra özünü daha çox biruzə verirdi. Əslində hamı düşünür ki, gənclərin intiharı sevgi, imtahandan kəsilməsi, maddi problem və digər məişət çətinliklərindən irəli gəlir. Ancaq əslində bu insanın alt şüurunda yatan travmalardır ki, onlar böyüdükcə qarşılarına çıxan hər hansı bir problem zamanı o təhtəlşüurda qalan hissləri qıcıqlanır”.
Psixoloq valideynlərə məsləhət görür ki, övladlarını yetişdirəndə aralarındakı psixoloji alyansa fikir versinlər.
“Mən uşağın yeməyini verirəm, isti yerdə yatızdırıram ,oxuduram deyə nəyi çatmır deyib, övladlarına bu fikirlə yanaşmasınlar. Bu sadalananlar ən çox valideynlərin özlərinə lazımdır, uşağa yox. Heç övladınızı qarşınıza qoyub ona nə lazım olduğunu soruşursunuzmu?
Valideynlər uşaqlarının şəxsiyyətlərinin formalaşdığı ilk dövründə (8 yaş) ona yetərli vaxt ayırmalıdır. Mən demirəm ki, uşaq bütün günü evdə anasını görsün. Bu ona lazım deyil, gündə ona 2 saat zaman ayırıb onunla söhbət etsəz, ona qulaq assaz yetərlidir. Bununla uşaqda olan daxili boşluqları dolur. Valideynləri ilə kontakt yaranır. Yoxsa valideynləri evdə aqressiv, bütün günü başı telefona qarışmış, seriallara baxan halda görmək uşaqlara lazım deyil”.
Fərqanə Mehmanqızı qeyd edir ki, ümumiyyətlə azyaşlıların yanında ölümdən danışıb, onların gözündə ölümü asan bir çıxış yol kimi təqdim etmək çox təhlükəlidir.
“Valideynlərin ən böyük səhvlərindən biri də uşağı yetişdirərkən ölüm haqqında xilas yolu kimi danışmasıdır. Məsələn ən çox analar hirslənəndə “Ölsəydim, canım qurtarardı, Allah mən öldürsün” və yaxud da qonşuda kimsə öləndə “Öldü canını qurtardı” kimi cümlələr işlətməsidir.
Bu sözlər uşaqların şüurlarında ölümün xilas, canqurtaran yol kimi qalmasına səbəb olur.
Bununla da ölüm uşaqların gözündə adiləşir və hər hansı bir çətinlik görəndə o, ölümdən can qurtaran bir vasitə kimi istifadə edir”.
Vüsalə Balayeva, Bizim.Media