Ermənilər Dədə Şəmşir nəslinin 15 nəfərini qətlə yetiriblər

Hazırda oxunan: Ermənilər Dədə Şəmşir nəslinin 15 nəfərini qətlə yetiriblər

3593

Ötən gün noyabrın 25-də Kəlbəcər şəhəri öz azadlığına qovuşdu. 27 illik həsrətin sona bitməsi, kəlbəcərlilərin ürəklərinə su çilədi. Sonunda onlar öz əzəli torpaqlarına, doğma diyarlarına qovuşdular. 

Lakin bu həsrət Erməni daşnaklarının Kəlbəcərdə törətdikləri qətliamları Azərbaycan xalqının qan yaddaşından heç vaxt silə bilməz.

1992-ci il aprelin 7-dən 8-ə keçən gecə Kəlbəcərin Ağdaban kəndində törədilən qətliam hələ uzun zaman kəlbəcərlilərin boğazlarında qəhər olaraq qalacaq.

Bu gün Ağdaban faciəsi zamanı nəslindən 15 nəfər qətl edilmiş el sənətkarı, şair, aşıq Şəmşirin ruhu da azaddır. İllərdir erməni varvarları tərəfindən qəbri, yurdu darmadağın edilmiş dədə Şəmşir əsirlikdən qurtularaq, göz bəbəyi kimi sevdiyi “Yeddi qardaş” dağının zirvələrindən doğma Kəlbəcərinə tamaşa edir. 

Bakı Dövlət Universitetinin dosenti, yazar Ələmdar Cabbarlı Bizim.Media-ya açıqlamasında düşmənin Qurbanlılar nəslini soyqırıma məruz qoyduqlarını bildirib. Söhbət əsnasında o, Ermənistanda əsir olan Dilqəm Əsgərovun Kəlbəcərə getdiyi zaman aşıq Şəmşirin qəbrini ziyarət etdiyini də deyib:



“Aşıq Şəmşir öz vəsiyyətinə əsasən 7 qardaş dağı deyilən ərazidə dəfn olunub. Onun qəbri uca bir zirvədə yerləşir. Ermənilər Dədə Şəmşirin məzarını gülləbaran ediblər. Bunun haqqında bizim əlimizdə sübutlarımız da var. Uzun zamandır Ermənistanda girovluqda olan Dilqəm Əsgərov Kəlbəcərdə olanda, aşıq Şəmşirin məzarını ziyarət edib və oradan fotolar çəkmişdi. O fotoları biz dəlil kimi qoruyub saxlayırıq”.

Daha sonra yazar Ağdaban faciəsində dədə Şəmşirin 28 yaşlı nəvəsinin ermənilər tərəfindən diri-diri yandırıldığını da deyib:

“1992-ci il aprel ayının 8-də — Kəlbəcərin Ağdaban kəndində törədilmiş soyqırım hadisəsində ermənilər  məqsədli şəkildə onun və atası aşıq Qurban Ağdabanlının əlyazmalarını yandırıblar. Həmçinin onun evi və qəbri  də erməni varvarları tərəfindən dağıdılıb. Bununla da ürəyi soyumayan erməni separatçıları onun 28 yaşlı nəvəsi Qulunu diri-diri yandırıb''.

''Ümumiyyətlə, Ağdaban faciəsində 40 insan qətl edilib, onlardan 15 nəfəri isə Aşıq Şəmşir nəslindən olub. Onun qızı Çimnaz xanım da 1990-cı ildə ermənilər tərəfindən güllələnərək, qətlə yetirilib.  O, Kəlbəcərin ilk şəhidlərindən biri olub. Dədə Şəmşirin ailəsi ermənilər tərəfindən mənəvi terrora məruz qalıb. Müzəffər ordumuz tərəfindən azad olunan Kəlbəcər Aşıq Şəmşirin ruhunu da sevindirdi, sanki onun 30 ilə yaxın əsirlikdə olan ruhu da öz azadlığına qovuşdu”.



Ələmdar Cabbarlı tezliklə aşıq Şəmşirin dağılan qəbrinin bərpa ediləcəyini və orada muzeyin açıqlacağını da bildirib:

“İnşallah, icazə verilən kimi biz Kəlbəcərə, dədə Şəmşirin doğma yurdunu ziyarət edəcəyik. Təmizlənmiş torpaqlarımızda onun qəbrini bərpa edib, heykəlini ucaldacağıq. Planımızda orada Aşıq Şəmşirin muzeyini açmaq durur. Onun ədəbi irsini gənc nəsillərə çatdırmaq üçün bu vacib amildir”,- deyə, o, qeyd edib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin