Prokurorluq Bərdə rayonunda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Rayon prokurorluğundan Bizim.Media-ya daxil olan məlumatda deyilir:
"Sentyabrın 6-ı saat 15 radələrində Bərdə rayonu Muğanlı kənd sakini 1997-ci il təvəllüdlü Təranə Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.
Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1988-ci il təvəllüdlü Tural Mustafayevin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Təranə Mustafayevaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Tural Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir".
Bizim.Media