Məktəb mövsümü yaxınlaşdıqca valideynlərin narahatlıqları daha da artıb. Tədris ilinə hazırlıq prosesində maddiyyat problemləri ilə çarpışan valideynləri indi bir sual düşündürür. Pandemiyaya görə 3-cü tədris ilidir ki, onlayn formatda keçirilən məktəblərin aqibəti necə olacaq?
Xatırladaq ki, 2021-2022-ci tədris ilinin necə davam edəcəyi barədə hələ ki, heç bir açıqlama yoxdur. Nəzərə alsaq ki, son günlərin yoluxma statistikası qərarın verilməsinə müəyyən çətinliklər yaradır.
Bizim.Media tədrisin onlayn yoxsa, ənənəvi formatda keçirilməsi barədə valideynlər arasında sorğu keçirib.
Sorğuda iştirak edən respondentlərin demək olar ki, əksəriyyəti təhsilin ənənəvi üsulla davam etməsinin tərəfdarıdırlar.
Nuriyyə Hüseynovanın 2 övladı 20 nömrəli məktəb-liseydə təhsil alır. O, qeyd edir ki, dərslərin onlayn keçirilməsi onun övladlarının biliklərinə mənfi təsir göstərib.
“Onlayn formatda bütün dərslər yüksək səviyyədə keçirilsə də, bu uşaqlara mənfi təsir göstərib. Düzdür, məktəbimizdə vaxtı-vaxtında, heç bir problem olmadan dərslər keçirilirdi, ancaq müəllimlə canlı ünsiyyətin olmaması uşaqlarda bir növ tənbəllik və məsuliyyətsizlik yaradıb. Hazırda bir çox valideyn bu problemlə üzləşir. Bütün gün evdə oturan uşaqlar dərsdən başqa digər işlərlə məşğul olmaq istəyirlər. Bu isə uşaqların savadsızlığına gətirib çıxarır”.
Digər valideyn Ağayeva Gülsümün övladı isə 247 nömrəli məktəbdə təhsil alır. Onun da problemi digər valideynlərin problemindən fərqli deyil. O da onlayn dərslərin övladında məsuliyyətsizliyin yaratdığını deyir.
Sorğuda iştirak edən valideynlərin demək olar ki, hamısı eyni problemlə üzləşir. Bu isə uşaqların bilik və bacarığında ciddi fəsadlar törədir.
Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi isə Bizim.Media-ya açıqlamasında bildirib ki, tədrisin əyani şəkildə, yəni ənənəvi qaydada başlaması daha məqsədə uyğundur.
“Baxmayaraq ki, gündəlik yoluxma sayı 3000-4000 civarındadır, ancaq nə qədər qapadılma getsə də bunun heç bir effekti olmur. Artıq 2 ilə yaxın bir müddətdir ki, biz bunu müşahidə edirik. Ona görə düşünürəm ki, təhsilin qapadılmasının heç bir mənası yoxdur. Biz distant təhsil zamanı maksimal nəticə əldə edə bilməmişik. Çünki ənənəvi təhsildə biz nəticənin 90 faizini əldə edirdiksə, onlayn formatda bu 50-55 % idi. Nəzərə alsaq ki, bəzi ərazilərdə texnologiyanın istifadəsi və internet məhdudiyyəti var, bu işi daha da çətinləşdirir”.
MÖVZU İLƏ BAĞLI:
DİM-dən AÇIQLAMA: 44861 nəfər tələbə adını qazandı
Ekspert həmçinin qeyd edib ki, bu zaman mütləq şəkildə məktəblərdə bütün izolasiya qaydalarına əməl edilməlidir.
Bizim.Media-ya danışan həkim infeksionist Ağalar Ağayev də bildirir ki, son zamanlar uşaqlar arasında da koronovirusun yayılmasını nəzərə alaraq, təhlükəsizlik tədbirlərinə ciddi əməl olunmalıdır.
“Dünya təcrübəsinə nəzər salsaq, bəzi ölkələrdə yoluxmanın yüksək göstəriciləri olmasına baxmayaraq, görürük ki, tədris ənənəvi formatda keçirilir. Lakin bu zaman bütün karantin qaydalarına əməl edilməlidir.
Bunun üçün maskadan düzgün istifadə, sosial məsəfənin qorunması və gigiyenik qaydala riayət edilməsinə ciddi şəkildə fikir verilməlidir. Əgər məktəblərdə bu tədbirlərə ciddi şəkildə diqqət göstərilsə, bu mümkün olar. Biz artıq koronavirusdan qorxmamalı, onunla yaşamağa bacarmalıyıq. Bu zaman virusa qarşı ümumi immunitet yarana bilər”.
Vüsalə Balayeva, Bizim.Media