Kişilik dərsindən iki alanlar...

Hazırda oxunan: Kişilik dərsindən iki alanlar...

35523

 Söz verdiyimiz kimi jurnalist həmkarımız, həm də publisist-şair olan Heydər Oğuzun satirik məzmunlu şeirlərinin yayım hüququnu əldə etmişik, daha doğrusu, dostumuz özü belə bir lütfkarlıq edib. Odur ki, mütəmadi olaraq onun bənd-bənd “bəndə salınmış” düşüncələrini şeirsevərlərə təqdim edirik:

 

 

Kişilik

 

Köhnə kişilərdən nə əsər qalıb,

Üzlərdə nə vicdan təri görünür.

Nə aslan səsində bir kəsər qalıb,

Nə də dəvələrin nəri görünür.

 

İnsanlıq batdıqca günaha, suça,

Yox olaraq gedir kişilik puça.

Namərdə çevrilir mərd qaça-qaça,

Ruhən ölü, cismən diri görünür.

 

Dişiyə sahiblik kişi hünəri

Sayılandan bəri, olandan bəri,

Kimlər ola bilmir sözünün əri,

Hansısa xanımın əri görünür.

 

Kişilik-kobudluq, vəhşilik deyil,

Kişilik-erkəklik dişilik deyil,

Erkək doğulmaq da kişilik deyil

Baxmayın, cüssəsi iri görünür.

 

Qızları bətnində boğur analar,

Oğlanda görürlər uğur analar.

İndi ancaq kişi doğur analar,

Amma kişilərin yeri görünür.

 

Əxlaq bağlanandan var ağacına

Çıxar ağacına, kar ağacına,

Kişilik çəkilib dar ağacına,

Həyat o ağacdan bəri görünür.

 

Aclıqla çəkilir sınağa kişi,

Tuş gəlməsin-deyə qınağa kişi,

Necə boya çəksin yanağa kişi?

Çəksə də bir sümük, dəri görünür.

 

İnsanlıq kiçilir, bunun üçün də

Əməli verdiyi sözün gücündə

Min kişi paltarı geyən içində

Kişi licimində biri görünür. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin