Bu yaxınlarda köhnə tanışım olan bir vəhabiylə söhbət edirdim. Nə illah elədim, adama başa sala bilmədim ki, hətta müharibədə belə əsir götürülmüş insanın başını kəsmək və onu videoya çəkib nümayiş etdirmək yaxşı iş deyil. Bütün mübahisə boyu o, mənə bunun sünnət olduğuna inandırmağa çalışırdı. Mən ona -Necə yəni sünnət? Məhəmməd Peyğəmbər baş kəsirdi?- sualını verdim. Cavabı: -Özünün kəsməsini bilmirəm, hər halda onun dövründə müharibələrdə baş kəsilib və peyğəmbər də bunu yasaqlamayıb-oldu. -Amma o vaxtın döyüş ənənələri belə idi. Üstəlik, adam öldürməyin başqa metodu da yox idi. Əsir götürülən adamın ölümə layiq olduğu düşünülürsə indi öldürməyin daha fərqli metodları var. Məsələn əldəki silahla da onu öldürmək olar. Vəhabilər isə nədənsə əsirlərin başını qoyun kimi kəsirlər. Halbuki peyğəmbərin zamanında əsirin başını kəsən qılıncla həm də savaşırdılar. Baş kəsməkdə sünnətə uyursunuzsa, nə əcəb, döyüş silahından istifadədə peyğəmbərdən fərqli hərəkət edir, qılıncla döyüşmürsünüz? -"Düşmənə qarşı onun öz silahıyla döyüş" hədisi var. Bu gün Suriyadakı mücahid qardaşlarımız ən müasir silahlarla döyüşəndə belə bu sünnətə uyurlar. -Bəs onda əsirə münasibətdə niyə həmin “mücahid qardaşlar” düşmənin metodlarından istifadə etmirlər? Axı silahından istifadə etdiyiniz kafirlərin əsirlər haqqında qəbul etdikləri beynəlxalq konvensiyalar var. -Silahdan fərqli olaraq kafirlərə məxsus hüquqi aktlardan istifadə etmək günahdır. Müsəlman hüquqda şəriət hökmlərinə əsaslanmalıdır. -Peyğəmbərin dövründə kəsilən başlar videolara çəkilib bütün dünyaya müsəlmanlığın bundan ibarət olduğunu göstərmək üçün yayılmırdı. Sizə elə gəlmir ki, düşmən dəyirmanına su tökürsünüz? Etdiyiniz əməl “kafir” dediklərinizin texniki avadanlaqlarıyla ona görə lentə köçülür ki, müsəlmanların əleyhinə istifadə olunsun? -Kim sənə necə baxacaqsa, baxsın. Əsas odur ki, sən özün olasan. Sənə miras qoyulan müqəddəs ənənələrə sadiq qalasan. Allah bu zaman səni mükafatlandırar. Kafirlər mükafatlandırmasalar belə... O ki qaldı, peyğəmbərin dövründə ölüm cəzası alanların cəzasına, onlar bütün xalq qarşısında qətlə yetirilirdilər. Hətta bir çox cinayətlər var idi ki, onu törədənlərin cəzası daş-qalaq edilmək idi. Daş-qalağı isə hər kəsin iştirakı ilə həyata keçirirdilər. Deməli, dinimizə görə, cəzanı ictimaiyyətə nümayiş etdirmək qəbahət deyil, əksinə, onun icrasında hər kəsin iştirakı vacibdir. Məqsəd cəmiyyəti özünü təmizlənmə, paklama işinə cəlb etməkdir. Qısası, xeyli mübahisədən sonra fərqli cür düşünən başa özünün artıq əti kimi baxan bu kor zehniyyətlə danışmağın əlavə vaxt itkisi olduğuna inandım və nədənsə, klassik şairlərimizdən birinin dediyi məşhur fikir yadıma düşdü:
"Müsəlmanam, paxılam, sevmirəm millətimi.
Kəsilməli başım ikən, kəsdilər sünnətimi."





































































































