Taksi fəaliyyəti ilə məşğul olan sürücülərdən də COVID pasportu tələb olunur.
Bu barədə Bizim.Media-ya açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə sentyabrın 1-dən birinci doz vaksin qəbul edən taksi sürücüləri sözügedən xidməti göstərə bilərlər.
MÖVZU İLƏ BAĞLI:
Avtobus dayanacaqlarına girən taksiləri könüllülər uzaqlaşdıracaq - BNA
Oktyabrın 1-dən isə taksi sürüclərindən ikinci doz peyvənd olunmaları və ya immunitet sertifikatı almaları tələb olunur:
“Nazirlər Kabinetinin 26 iyul 229 nömrəli 2021-ci il tarixl qərarında və əlavələrdə COVID -19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatı tələb olunan xidmət sahələri sırasında nəqliyyat, logistika və komunikasiya da var.
Yəni dəmiryolu, hava və avtomobil nəqliyyatı, yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərin mütləq qaydada peyvəd olunması, yaxud immunsertifikatı tələb olunur.
Bu qərara uyğun olaraq taksi fəaliyyəti ilə məşğul olan şəxslər 1 sentyabr tarixindən etibarən birinci doz COVID pasportu ilə fəaliyyət göstərə bilərlər. Nazirlər Kabinetinin qərarının icra edilməsi və taksi fəaliyyəti ilə məşğul olan şəxslərin COVID pasportunun olub-olmaması barədə xidmətə cəlb olunan əməkdaşlarımız tərəfindən müvafiq nəzarət profilaktik yoxlamalar həyata keçirilir. Aşkarlanan hallarla bağlı müvafiq tədbirlər görülür”.
Xatırladaq ki, İnzibati Xətalar Məcəllənin 211-ci maddəsi əsas tutularaq, karantin rejimlərinin pozulmasına görə fiziki şəxsləri 200 manatdan 400 manatadək, vəzifəli şəxsləri isə 3 min manatdan 4 min manatadək məbləğdə cərimə gözləyir.
Alçina Amilqızı, Bizim.Media