Müsahibimiz qəzet vasitəsilə ürək sözlərinin millət vəkillərinə, dövlət adamlarına çatdırılmasını istəyib: “Bir azərbaycanlı ana kimi sizdən xahiş edirəm ki, ailəmizin üstünə atılan şər-böhtandan bizi xilas edəsiniz. Ey millət vəkilləri, sizi and verirəm ümummilli lider adlandırdığınız Heydər Əliyevin əl basdığı Qurana, müqəddəs duz-çörəyə. Əgər damarlarınızda müsəlman qanı varsa, xahiş edirəm, Pərvizi bir-biri ilə münaqişəsi olan insanların torundan xilas edəsiniz. Bunu prezidentdən də xahiş edirəm”.
Oğlunun fəal jurnalist olduğunu deyən G.Əliyevanın sözlərinə görə, onun bu oyuna salınmasının səbəbi aydınlaşdırılmalıdır: “Ölkədə kiminsə kiminləsə münasibəti yoxdur, ara yerdə Pərviz güdaza gedib. İndi oğlumu tutublar, qarşısına da şərtlər qoyublar ki, bunu yazmalısan, bunu deməlisən. Özünüz bilirsiniz ki, Pərviz fəal jurnalistdir. Silah hara, jurnalist hara? O, ömründə silah görməyib, tanımır. Hərbi xidmətdə olubsa da. Oxuduğu məktəblərdə, əsgər yoldaşlarından sorğu aparıb, onun kim olduğunu özünüz aydınlaşdıra bilərsiniz. Onun üzündəki təbəssüm daxili aləmindən xəbər verir. Pərviz kimi insanı şərin-böhtanın içərisinə niyə salıblar? Oğlumun səviyyəsindən xəbəri olmayan insanların onun başına nə gətirmələrindən xəbərimiz yoxdur. Onun başına torba keçirib gətiriblər. Bu, ətrafdakı insanlara qara ləkədir, başa düşənə, qanana. Bu cür mənzərə Azərbaycan xalqının nüfuzuna ləkə gətirir”.
G.Əliyeva insanlığı, vicdanı olan hər bir kəsdən P.Həşimlinin müdafiəsinə qoşulmağı xahiş etdi: “Bizim ailənin üstünə atılan qara ləkənin götürülməsini istəyirik. Biz bu təhqirə dözə bilmirik, şok vəziyyətindəyik. Mən ibtidai sinif müəlliməsiyəm. Uşaqların beyni ağ bir lövhədir. İbtidai sinifdə ona dərs demişəm. Pərviz təmiz uşaqdır. Onu hamı başqalarına nümunə göstərirdi”.
Vəkil Elçin Sadıqov isə son olaraq oktyabrın 14-də P.Həşimli ilə görüşüb. Onun verdiyi məlumata görə P.Həşimlinin qaldırdığı problemlərin heç biri həllini tapmayıb. Ona ailəsi ilə telefon əlaqəsi yaratmağa, məktublaşmağa icazə verilmir. İstifadəsində olmuş avtomobil də heç bir səbəb göstərilmədən avtomobilin sahibinə qaytarılmayıb.
Bundan başqa, jurnalist özünün, vəkilinin və ailə üzvlərinin ölkə rəhbərliyinə, ombudsmana müraciətlərinin nəticəsiz qalmasından da narazıdır. P.Həşimli barəsində istintaq hərəkətləri aparılmır. Vəkil faktiki jurnalistin həbsdə qanunsuz olaraq saxlanıldığını vurğulayıb.


































































































